RU

Bakıda Ukrayna vətəndaşı olan hamilə qadın sevgilisini bıçaqlayıb - Hökm

BAKI, 21 fevral. TELEQRAF

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukrayna vətəndaşı Fatıma Bairamova qəsdən sağlamlığa ağır zərər vurma faktı üzrə cinayət işi üzrə hökm elan edilib.

Teleqraf xəbər verir ki, ittihama görə, 28 yaşlı Fatıma Bairamova Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evində müvəqqəti yaşayan və üç il əvvəl tanış olduğu Mirzəağa adlı şəxslə aralarında yaranmış qısqanclıq zəminində mübahisə edib. O, zərərçəkmişə hamilə qaldığını dedikdən sonra qarşı tərəfin uşağın ondan olmadığını bildirməsi, həmçinin onunla münasibətləri kəsmək istəməsi səbəbindən mübahisə böyüyüb.

Məlumata görə, Fatıma Bairamova Mirzəağanı cəzalandırmaq niyyəti ilə onun yaşadığı evə gəlib, əvvəlcə dolabda gizlənib. Zərərçəkmiş şəxs otağa daxil olduqdan sonra isə mətbəxdən götürdüyü bıçaqla onun döş nahiyəsindən bir dəfə zərbə endirib.

Nəticədə zərərçəkmiş şəxsdə daxili qanaxma və sol tərəfli pnevmohematoraksla müşayiət olunan, həyat üçün təhlükəli sayılan ağır bədən xəsarəti yaranıb.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində Mirzəağa ilə sevgili münasibətdə olduqlarını deyib.

Fatıma bildirib ki, hadisə günü Mirzəağa ona başqa qadınla münasibətdə olduğunu deyib.

Təqsirləndirilən Mirzəağanın münasibətləri bitirmək istəməsinin psixoloji vəziyyətinə ağır təsir etdiyini, bu səbəbdən həmin addımı atdığını bildirib. Deyib ki, hadisədən əvvəl onu bir neçə saat gözləyib, daha sonra evə daxil olub və mətbəxdən bıçaq götürüb.

Zərərçəkmiş Mirzəağa isə məhkəmədə bildirib ki, hadisə günü evdə olmayıb, sonradan qayıdanda Fatimə artıq evdə olub. Onlar arasında mübahisə yaranıb və Fatimə onu bir dəfə bıçaqlayıb. O, hazırda təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayətinin olmadığını deyib.

Məhkəmədə həmçinin məlum olub ki, Fatıma Bairamovanın himayəsində 6 yaşlı uşağı var. Onun anası Ukrayna vətəndaşı olub, sonradan Bakıda Azərbaycan vətəndaşı ilə ailə quraraq burada yaşamağa başlayıb.

Bakı Şəhəri Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fatıma Bairamova Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona 1 il sınaq müddəti təyin etməklə cəzanı şərti hesab edib.

Избранный
25
teleqraf.com

1Источники