BAKI, 21 fevral. TELEQRAF
ABŞ administrasiyası İranın ali rəhbərliyinə qarşı mümkün tədbirləri müzakirə edir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı müxtəlif ssenariləri qiymətləndirir. O cümlədən, nüvə silahı əldə etmək imkanını istisna etmək şərti ilə Tehrana uranı simvolik səviyyədə zənginləşdirməyə icazə verilməsi variantı nəzərdən keçirilir. Portalın yazdığına görə, bu yanaşma Vaşinqton və Tehran arasında mümkün razılaşma üçün məhdud da olsa şans yarada bilər.
Bununla yanaşı, ABŞ Prezidenti Donald Trampa hərbi variantların da təqdim olunduğu bildirilir. Həmin ssenarilər İranın ali rəhbərliyinə qarşı birbaşa zərbə endirilməsi ehtimalını da ehtiva edir. Mənbələr vurğulayıblar ki, ABŞ-nin İrana münasibətdə atacağı növbəti addımlarla bağlı yekun qərar hələ verilməyib.