RU

Avroparlamentin başabəla deputatı yenə gündəmdə

Rusiyaya yaxınlığı ilə seçilən Kartayzer Azərbaycana qarşı niyə qərəzlidir?

Ölkəmizə qarşı hər zaman qərəzli mövqeyi ilə xüsusi seçilən Avropa Parlamentinin Lüksemburqdan olan deputatı Fernan Kartayzer öz ampluasındadır. O, bu günlərdə Avropa İttifaqının xarici siyasət rəhbərliyinə bir daha müraciət edərək işğal dövründə əzəli torpağımızda mövcud olmuş keçmiş separatçı xunta rejiminin başçılarının azad edilməsi istiqamətində daha konkret və praktik addımlar atmağa çağırıb. O, öz aləmində xəbərdarlıq edib ki, bu məsələ Ermənistan–Azərbaycan sülh prosesində əldə olunmuş kövrək irəliləyişə zərbə vura bilər.

“Armenpress”in Brüsseldəki müxbirinin verdiyi məlumata görə, Kartayzer Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa ünvanladığı məktubda Bakıda keçirilmiş məhkəmə proseslərinin siyasi motivli olduğunu və qanunçuluq, eləcə də şəffaflıq standartlarına cavab vermədiyini iddia edib. Deputat Aİ-ni barələrində hökm çıxarılmış erməni millətindən olan bütün şəxslərin qeyd-şərtsiz azad olunmasına (?) yardım göstərmək üçün müdaxilə etməyə çağırıb, həmçinin beynəlxalq hüququn və insan hüquqlarının qorunmasının vacibliyini (?) qeyd edib.

Kartayzerin məktubuna cavab olaraq Kaya Kallasın ofisi Aİ-nin keçmiş qondarma rejimin “hərbi-siyasi rəhbərliyi”nin nümayəndələri üzərində Bakıda keçirilən məhkəmə proseslərini izlədiyini bildirib. Cavabda vurğulanıb ki, ədalətli məhkəmə araşdırması hüququ və saxlanma şəraitinin müvafiqliyi fundamental hüquqlardandır və Aİ Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə (?) çağırıb. Kallasın ofisi, həmçinin qeyd edib ki, Aİ tərəfləri 2025-ci il avqust ayından etibarən sülh prosesi çərçivəsində formalaşmış müsbət atmosferdən istifadə edərək, o cümlədən humanitar məsələlər də daxil olmaqla, həllini gözləyən problemlərin aradan qaldırılmasına çağırmaqda davam edir.

Qeyd edək ki, Kartayzer ötən ilin mart ayında da Bakıda saxlanılan ermənilərlə bağlı məsələni qaldırmışdı. “Armenpress”in şərhində əksini tapan fikirlər də diqqəti cəlb edir. Agentlik sonda bildirib ki, “Avropa Parlamenti Bakıda qanunsuz saxlanılan məhbusların dərhal geri qaytarılması məsələsini gündəmdə saxlamaqda və real nəticələrin əldə olunması üçün təzyiq göstərməkdə” (?) davam edir.

Avroparlament deputatının barələrində hökm çıxarılmış şəxslərlə bağlı budəfəki müraciəti, əslində, yeni məzmun daşımır. Bu, uzun illər Azərbaycan əleyhinə formalaşdırılmış birtərəfli yanaşmanın davamıdır. Lakin məsələni emosional çağırışlar yox, faktlar üzərindən dəyərləndirmək daha doğru olar. Çünki söhbət adi şəxslərdən getmir. Həmin şəxslər uzun illər ərzində Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejimin hərbi-siyasi rəhbərliyində təmsil olunublar. Onlar təkcə separatizmin simaları deyil, eyni zamanda, sülh və insanlıq əleyhinə, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətlərin təşkilatçıları və icraçıları olublar. Xocalı, Qaradağlı, Meşəli soyqırımları da daxil olmaqla, on minlərlə azərbaycanlının öz doğma torpaqlarından qovulması, mülki əhaliyə qarşı hücumlar, əsir və girovlarla qeyri-insani rəftar, şəhər və kəndlərimizin dağıdılması kimi bütün bu müharibə cinayətləri illərlə formalaşdırılmış və idarə olunmuş siyasətin nəticəsi idi.

2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələr tərk-silah edildi və həmin rejimin əsas simaları saxlanılaraq məsuliyyətə cəlb olundu. Bu, hansısa siyasi jest deyil, dövlətin öz suveren hüququnu və konstitusiya quruluşunu bərpa etməsi idi. Həmin şəxslər Azərbaycan qanunvericiliyinə uyğun şəkildə məhkəmə istintaqına cəlb olundular. Lüksemburqlu deputatın iddiasının əksinə olaraq, qeyd etmək lazımdır ki, onların məhkəmə prosesi açıq və şəffaf keçirilib. İctimaiyyət proses barədə dolğun məlumatlandırılıb. Təqsirləndirilən şəxslər vəkillərlə təmin olunublar. İttihamlar konkret faktlara, şahid ifadələrinə, sənədlərə və digər sübutlara əsaslanıb. İllər boyu toplanmış materiallar, zərərçəkənlərin ifadələri və beynəlxalq hüquq normaları çərçivəsində aparılan araşdırmalar söhbətin ağır cinayətlərdən getdiyini bir daha təsdiqlədi. Bu baxımdan “siyasi motiv” iddiaları reallıqla uzlaşmır. Burada məsuliyyət konkret əməllərə görə müəyyən edilib.

Unutmaq olmaz ki, yüz minlərlə azərbaycanlı 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşayıb. Onların hüquqları illərlə pozulub. İndi soydaşlarımıza bunu yaşadanlar qanun qarşısında cavab verərkən bunu “humanitar məsələ” kimi təqdim etmək ədalət anlayışını təhrif etməkdir. Əgər beynəlxalq hüquq prinsipləri əsas götürülürsə, o zaman müharibə və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin məsuliyyətdən yayınması tələb oluna bilməz. Onların azadlığa buraxılması nə hüquqi, nə də mənəvi baxımdan mümkündür.

Fernan Kartayzerin mövqeyi isə təsadüfi deyil. O, son illər Avropa İttifaqının ümumi siyasi xəttinə zidd çıxışları ilə diqqət çəkib. Kartayzer 2025-ci ildə Rusiyaya səfər etdiyinə görə Avropa Parlamentində təmsil olunduğu Avropa Mühafizəkarlar və İslahatçılar Qrupundan xaric edilib. Bu fakt onun siyasi kursu barədə kifayət qədər aydın təsəvvür yaradır. Avropada Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Kremlə yaxın mövqe sərgiləmək ciddi narazılıq doğurmuşdu.

Bununla yanaşı, Kartayzer daha əvvəl də Avropa İttifaqının vahid mövqeyinə qarşı çıxışları, Moskvaya münasibətdə yumşaq yanaşmanı müdafiə etməsi ilə seçilib. Onun bəyanatları bir çox hallarda Aİ-nin strateji maraqları ilə üst-üstə düşməyib. Bu baxımdan, Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin də obyektiv hüquqi qiymətləndirmədən çox siyasi mövqe xarakteri daşıdığı qənaəti yaranır.

Sülh prosesi həqiqətən də həssas mərhələdədir. Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində real addımlar atılır. Belə bir vaxtda ağır cinayətlərdə ittiham olunan şəxslərin azad olunmasını tələb etmək regionda ədalətə deyil, cəzasızlıq mühitinə xidmət edə bilər. Davamlı sülh yalnız keçmişin cinayətlərinə hüquqi qiymət verildikdən sonra mümkündür. Əgər Avropa həqiqətən beynəlxalq hüquqa və insan haqlarına hörmət prinsipini əsas götürürsə, o zaman müharibə cinayətlərinin araşdırılmasına və ədalətli məhkəmə prosesinə də eyni həssaslıqla yanaşmalıdır.

Ramiyə MƏMMƏDOVA,
politoloq

Avroparlamentdə ayrı-ayrı deputatların separatçı şəxslərlə bağlı səsləndirdiyi çağırışlar daha çox siyasi yanaşma təsiri bağışlayır. Halbuki burada söhbət konkret cinayət əməllərindən gedir. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb olunmuş və barələrində hökm çıxarılmış şəxslər illərlə davam etmiş silahlı qarşıdurma dövründə ağır əməllərdə ittiham olunurlar. Onların fəaliyyəti nəticəsində minlərlə insan həlak olub, yüz minlərlə azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. Bu faktlar təkcə siyasi qiymətləndirmə deyil, konkret hüquqi sənədlər və ifadələrlə təsdiqlənir. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatından sonra həmin şəxslərin saxlanılması Azərbaycanın öz suveren ərazisində qanuni səlahiyyətlərini həyata keçirməsi idi. Başa çatan məhkəmə prosesləri açıq xarakter daşıyıb, təqsirləndirilən şəxslər müdafiə hüququ ilə təmin olunub və proses ictimaiyyət üçün qapalı olmayıb. Belə şəraitdə “siyasi motiv” iddiaları daha çox təzyiq aləti kimi görünür.

Digər tərəfdən, Fernan Kartayzerin mövqeyi onun əvvəlki siyasi davranışları fonunda dəyərləndirilməlidir. O, 2025-ci ildə Rusiyaya səfərinə görə Avropa Parlamentində təmsil olunduğu qrupdan uzaqlaşdırılıb. Bu addım onun Aİ daxilində etimad problemləri yaşadığını göstərir. Rusiyaya yaxın mövqeyi ilə seçilən siyasətçinin Cənubi Qafqaz məsələlərində də balanslı yanaşma sərgiləməsi çətin görünür.

Səxavət HƏMİD
XQ

 

Избранный
24
1
xalqqazeti.az

2Источники