RU

Mənəvi dəyərlərə dayaq olan söz savaşçısı

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Sevilən yazıçı, publisist və muğamşünas, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində məndən bir kurs yuxarıda oxuyub. Fakültəmizdə təhsil alanların sayı az olduğu üçün hamı bir-birini yaxşı tanıyırdı. Universiteti bitirəndən sonra da tələbə yoldaşlarımız arasında sıx əlaqələr əksər hallarda dostluq və qardaşlıq səviyyəsinə yüksəlirdi.

Mustafa Çəmənli həm tələbəlik, həm də sonrakı dönəmdə mənim üçün əziz, doğma insan olub və belə olaraq qalır. O unudulmaz günlərdə özülü qoyulan səmimi münasibətlərimiz, xoşbəxtlikdən, bu gün də eyni həssasiyyətlə, qarşılıqlı hörmət və inam əsasında davam edir. Ondan hələ heç bir tələbə yoldaşı zərrə qədər inciməyib. Uğurlarına isə hər birimiz öz uğurumuz kimi sevinmişik.

Onun Qarabağ hadisələrinin ağır, gərgin dönəmində qələmə aldığı, Qarabağ xanlığının, Şuşa kimi şəhərin əsasını qoyan Pənahəli xanın həyatı, düşüncələri və mübarizəsi təsvir olunan “Xallı gürzə” tarixi romanını, milli qəhrəmanlar - Asif Məhərrəmova və Mübariz İbrahimova həsr etdiyi “Fred Asif” və “Mübariz” sənədli povestlərini sevə-sevə oxumuşam.

Mustafa Çəmənlinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə nəşr olunan (2008) “Leyli və Məcnun” – 100 il səhnədə” bədii sənədli ensiklopediyası, milli mədəniyyətimizin bir çox ünlü simalarından bəhs edən “Sənət hekayələri” (2014) kitablarını mütaliə etmək mənə böyük zövq verib. Onun ürəkağrısı ilə yazdığı “Ruhların üsyanı”, “Üçyaşlı əsir” povestlərini, nəhayət, yazıçının son illərdə qələmə aldığı Səfəvi dövlətinin tarixindən bəhs edən “Ölüm mələyi” tarixi romanını da oxuyub təsirlənmişəm.

Mustafa Çəmənli nəsr yaradıcılığı ilə paralel Qarabağın təkrarsız muğam mühitinin incəlikləri, eləcə də bu ölməz sənətin korifeyləri barədə bir-birindən dəyərli kitablar yazıb. Onun “Muğam dünyasının Xanı”, Xalq artisti Şövkət Ələkbərovaya həsr olunan “Oxu, gözəl”, “Nəğməli xatirələr”, “Mənsuriyyə harayı”, “Əhməd Ağdamski”, “Şərq musiqisinin incisi” (Seyid Şuşinskidən bəhs olunur – red.) kimi bədii monoqrafik kitabları diqqətəlayiqdir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan və ingilis dillərində çap edilmiş “Arif Babayev – 70”, “Habil Əliyev – 80”, “Əlibaba Məmmədov – 80”, “Ağaxan Abdullayev – 60”, “Canəli Əkbərov – 70” kitab-albomları bədii tərtibinə, estetik görünüşünə, poliqrafik göstəricilərinə görə kitabçılıq tariximizdə nümunəvi nəşrlərdəndir.

...Xatirələr məni yenidən onu həyatda ilk dəfə gördüyüm günlərə – 1973-cü ilin sentyabrına aparır. Yadımdadır, jurnalistika fakültəsinin II kursunda oxuyan Mustafa qarayanız, ucaboy, enlikürək bir gənc idi. Ünsiyyətə çox açıq idi, ilk baxışdan saf, səmimi və mehriban insan təsiri bağışlayırdı. Sanki yüz illərin dostları idik. Bizimlə görüşərkən simasında xoş, xəfif bir təbəssüm yaranırdı və bu təbəssüm onu hər birimizə çox doğmalaşdırmışdı.

O illərdən yarım əsrdən çox keçməsinə baxmayaraq, daxilindəki saflığı, səmimiyyət və mehribanlığı qoruyub saxlaya bilib. Sayılıb-seçilən, şöhrətli yazıçı kimi tanınanda belə, onun söhbət və düşüncələrində milli-mənəvi dəyərlərimizə uyğun olmayan baxış, ifadə, hətta bir göz günahı belə duyub hiss etməmişəm. Ağayanalığı, şəxsiyyətinin bütövlüyü, yüksək əxlaqı onun çoxşaxəli, zəngin yaradıcılığına da sirayət edib.

Qətiyyətlə deyə bilərəm ki, Mustafa Çəmənlini milli ruhlu görkəmli yazıçılar nəslinin – Mirzə İbrahimov, Süleyman Rəhimov, Sabir Əhmədov və b. böyük ədiblərin davamçılarından hesab etmək olar. Onun parlaq qələmindən çıxan çox sayda hekayə, povest və romanlara bu müqəddəs torpağı ana vətənə çevirən ulu babalarımızın ruhu hopub. Mustafa Çəmənli kimi yüksək mənəviyyatlı yaradıcı ziyalılar təkcə özləri, ailələri, doğmaları və yaxınları üçün deyil, bütün cəmiyyət üçün bir saflıq, təmizlik və insanlıq örnəyidir. Bu missiyanı axıradək davam etdirmək yüksək alicənablıq və müdriklik tələb edir. Xoşbəxtlikdən o, bunu bacarır!

Mustafa Çəmənli gələn ilin sentyabrında ömrünün 80-ci pilləsinə qədəm qoyacaq. O, bu quş qanadlı illəri qiymətli saatlarını, günlərini fövtə vermədən yazıb-yaratmaqla arxada qoyub. Bütün yaradıcılığı boyu daim axtarıb, arayıb, yeni söz, yeni fikir ortaya qoymağa çalışıb və buna əksər hallarda nail olub. Mustafa qəlbinin hökmü ilə yaradıb, səsini bəyənmədiyi, sənəti olmayan müğənnilər barədə bir kəlmə belə yazmayıb.

Ölkə səviyyəsində yubileyləri keçirilən Seyid İmadəddin Nəsimi, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, görkəmli qazax şairi Abay Kunanbayev və digər ünlü sənətkarlar haqqında, 44 günlük savaşdan sonra şəhid və qazilərə həsr etdiyi “Bir daha yüksələn bayraq” albom-kitablarını çap etdirib. Onu da qeyd edim ki, bu, bayraq haqqında ilk bədii ensiklopedik kitabdır.

Mustafa Çəmənli Dövlət Filarmoniyasında, Opera və Balet Teatrında, Beynəlxalq Muğam Mərkəzində (BMM) dəfələrlə müqtədir xanəndələrin yaradıcılıq yoluna həsr olunmış ədəbi-musiqili gecələrin aparıcısı olub. Həmin unudulmaz gecələrdə onu dinləmək hamı kimi mənə də xüsusi zövq yaşadıb. Düşünürəm ki, bu sahədə ona rəqib yoxdur, varsa da, çox azdır. Məni narahat edən bir məqam da var: niyə o öz ardıcıllarını yetişdirməyib? Düzü, bu sualı ona verməyə ürək etməmişəm.

Ötən il bir ilıq aprel gecəsi BMM-də Xalq artisti Yaqub Məmmədovun anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ədəbi-musiqili gecədə onun aparıcılıq məharətinə bir daha heyran qaldım. Yaqub haqqında elə sadə, səmimi, eyni zamanda, çox dəyərli sözlər dedi ki, salondakıların hər birinin ruhu təzələndi. Söylədi ki, “Qarabağ muğam ifaçılıq sənətinin Xan Şuşinskisi, Cabbar Qaryağdıoğlusu, Mütəllim Mütəllimovu var. Amma Yaqub da Yaqubdu da!”.

Buradakı “da” ədatı o qədər yerində və kövrək bir vurğu ilə səsləndi ki, tamaşaçılar bu səmimi sözlərdən cuşə gələrək salonu sürəkli alqışa qərq etdilər. Aparıcı belə bir məqamı da qeyd etdi ki, o, heç vaxt Yaqubun mahnı və muğamlarını dinləməkdən yorulmayıb. Sonra kövrək, pıçıltılı səslə əlavə etdi: “Məgər Yaqubun səsindən doymaq olar?!”. Yerlərdən əks-sədalar eşidildi: “Olmaz, olmaz!”. Aparıcı sarı simə toxunub gecəni duyğusal notlarla başa çatdırdı. Mən zaldan çıxanda ürəyimdə keçmiş tələbə yoldaşıma dəfələrlə “əhsən!” - dedim.

Bir müddət əvvəl isə yenidən BMM-də Mustafa Çəmənlinin aparıcılığı ilə “Sona bülbüllər”in əvəzsiz ifaçısı Qədir Rüstəmovun anadan olmasının 90-cı ildönümü ilə əlaqədar ədəbi-musiqili gecə təşkil olunmuşdu. Bu dəfə də aparıcılığı ona həvalə etmişdilər. Mustafa müəllim yenə tamam başqa bir nöqtədən mətləb üzərinə gəldi və Qədir sənəti ilə bağlı elə incə və maraqlı məqamlara toxundu ki, söz sərrafı kimi tanınan yazıçı Seyran Səxavət səhnəyə dəvət olunanda “Muğamın dərin bilicisi olan Mustafa Çəmənlidən sonra çıxış etməyin çətin olduğunu” etiraf etdi.

Mustafa Çəmənli böyük ədəbiyyata jurnalistikadan gəlib. O, universitetin jurnalistika fakültəsinə daxil olana qədər Mingəçevirdəki zavodların birində qəlibçi işləyib, sonra uzaq Kalininqradda hərbi xidmətdə olub, daha sonra yenə bir müddət istehsalatda çalışmalı olub. Jurnalistika fakültəsində ona çox bilikli, sevimli pedaqoqlar dərs deyiblər. Universiteti bitirdikdən sonra uzun illər o dövrdə yenicə açılmış “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb, sonra Azərbaycan Respublikası Dövlət Mətbuat Komitəsi sədrinin əmri ilə “Gənclik” nəşriyyatına baş redaktor vəzifəsinə təyin olunub. Düz 14 il bu məsul vəzifədə çalışıb.

Bu illər ərzində ölkəmizdə kitabçılığa dəyərli töhfələr verib, onlarla, yüzlərlə bədii və publisistik kitabın redaktoru olub. Hazırda “Təhsil” nəşriyyatında əmək fəaliyyətini davam etdirən Mustafa Çəmənli bir ilkə imza atıb. Belə ki, təcrübəli naşir həmkarları arasında ilk dəfə “Nəşriyyatlarda keçən ömrüm” adlı xatirələrini yazaraq “Ürəyimdən kimlər keçdi” adı ilə çap etdirib.

Sonda bu fikri qeyd etməyi özümə borc bilirəm ki, Mustafa Çəmənlinin yaradıcılığı və şəxsiyyəti daim bir-birini tamamlayıb. Qələm, yazıçılıq peşəsi onun üçün əqidə, həyat kredosudur. O, bu dəyərlərə heç vaxt naxələf çıxmayıb. Bəli, Mustafa Çəmənli bütün varlığı, parlaq istedadı, mənəviyyatı, əxlaqı ilə xalqına, millətinə, Azərbaycan mədəniyyətinə uzun illər sədaqətlə xidmət edib. Hörmətli qələm dostumuzun bəxtinə, taleyinə yazılan bu ilahi missiyanı bundan sonra da şərəf və ləyaqətlə davam etdirəcəyinə zərrə qədər şübhə etmirəm.

Məsaim ABDULLAYEVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
xalqqazeti.az

2Источники