RU

Gömrük Komitəsi ilə məhkəmə çəkişməsindən narazı qalan sahibkardan sərt açıqlama: “Qərar sanki qışqırır ki...”

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Lion Centre” MMC-nin direktoru Ramil Aslanov ona qarşı Dövlət Gömrük Komitəsi tərəfindən keçən il irəli sürülmüş iddialarla bağlı keçirilmiş məhkəmə proseslərində və verilmiş qərarlarda ciddi hüquqi və prosessual pozuntuların olduğunu bildirir.

Globalinfo.az-a müraciət edən iş adamı qeyd edib ki, 2025-ci ildə Bakı şəhər Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyeva tərəfindən baxılan “işgüzar nüfuzun müdafiəsi və məlumatların təkzib edilməsi” işində cavabdeh tərəfin təqdim etdiyi sübutlar, sorğular və ekspertiza tələbləri araşdırılmadan rədd edilib:

“Proses hakim tərəfindən birtərəfli aparılıb. Sahibkarın ölkə hüdudlarından kənarda olması barədə rəsmi məlumat təqdim etməsinə baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmayıb və nəticədə ədalətsiz olaraq qərar Dövlət Gömrük Komitəsinin xeyrinə çıxarılıb.

Bakı Apellyasiya Məhkəməsində – apellyasiya instansiyasında keçirilən 13 fevral 2026-cı il tarixli ilk iclasda isə hakim Namiq Cəfərov tərəfindən ilk iclasın elə ilk dəqiqələrindən tez-tələsik olaraq, işin faktiki araşdırılması aparılmadan, cavabdehin iştirakı təmin edilmədən qərar verilib. Bu tələsik verilən qərar isə sanki “mənə baxın” deyə qışqırır”.

Ramil Aslanov

R.Aslanov bildirib ki, proses sübutların tədqiqi və tərəflərin bərabərliyi prinsipi təmin olunmadan, yalnız iddiaçının nümayəndəsi Vilayət Mehrəliyevin qeyri-obyektiv, şəxsi fikir və düşüncələrinə əsaslanan mövqeyi “əsas” götürülməklə yekunlaşdırılıb:

“Nəzərə alınmalıdır ki, bu o həmin Vilayət Mehrəliyevdir ki, hansı ki TV kanallarında çəkinmədən “Lion Centre” MMC barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirib və bu faktlar Bakı Baş Gömrük İdarəsində həyata keçirilən gömrük əməliyyatlarının tarixçəsi ilə tam sübuta yetirilib. Ən maraqlısı isə odur ki, belə bir qeyri-obyektiv mövqeyə malik olan iddiaçının nümayəndəsinin mövqeyi məhkəmə tərəfindən qəbul olunub, ədalət axtarışında olan cavabdehin isə məhkəməyə təqdim etmək niyyətində olduğu mötəbər əhəmiyyətli sübutların araşdırılmasına baxan hakim tərəfindən şərait yaradılmayıb. Məhkəmə iclasının sahibkarın iştirakı olmadan tələsik keçirilməsi təmin edilib”.

Vilayət Mehrəliyev

Sahibkar bildirib ki, baş verənləri təkcə məhkəmə praktikası ilə bağlı deyil, həm də Dövlət Gömrük Komitəsinin ona qarşı sistemli xarakter daşıyan təzyiq mexanizmlərinin davamı kimi qiymətləndirir: “Bu addımlar sahibkarlıq fəaliyyətinə müdaxilə, işgüzar nüfuzun zədələnməsi və hüquqların məhdudlaşdırılması ilə nəticələnib. Bu səbəbdən məsələ ilə bağlı ölkə rəhbərliyinə, ali məhkəmə instansiyalarına və Məhkəmə-Hüquq Şurasına rəsmi müraciətlər edəcəyəm. Hüquq mütəxəssislərinin qiymətləndirməsinə görə, əgər göstərilən hallar təsdiqini taparsa, bu vəziyyət məhkəmə araşdırmasının obyektivliyi prinsipinin, tərəflərin bərabərliyi prinsipinin və ən əsası sübutların tam və hərtərəfli tədqiqi tələbinin pozulması kimi qiymətləndirilə bilər. Bu isə öz növbəsində hüquqi dövlət və ədalətli məhkəmə araşdırması prinsipləri baxımından ciddi suallar doğurur”.

Ramil Aslanov əlavə edib ki, DGK-nin mövqeyi yalnız konkret iş çərçivəsində deyil, ümumilikdə sahibkarlıq mühitinə mənfi təsir göstərən təhlükəli presedent yarada bilər və məsələ müstəqil hüquqi qiymətləndirmə predmetinə çevrilməlidir. Qeyd edək ki, bir müddət əvvəl DGK iş adamını məhkəməyə vermiş və sahibkar İXM-nin müvafiq maddəsinə əsasən cərimələnmişdi.

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
21
globalinfo.az

1Источники