ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
İtaliya A Seriyasında 26-cı turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, turnir cədvəlinin zirvəsində vəziyyət kifayət qədər gərgindir. “İnter” 61 xalla liderdir. Onu “Milan” (54) və “Napoli” (50) izləyir. Daha aşağı pillələrdə isə avrokubok zonası uğrunda mübarizə davam edir: “Roma” (47), “Yuventus” (46), “Komo” və “Atalanta” (hərəsi 42 xal).
Tur artıq start götürüb. “Sassuolo” – “Verona” görüşü ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Yuventus” – “Komo” (21 fevral)
Bu, avrokubok zonasına birbaşa təsir edən qarşılaşmadır. “Yuventus” 46 xalla 5-ci, “Komo” isə 42 xalla 6-cı pillədə qərarlaşıb. Fərq cəmi dörd xaldır.
Turin klubunun həftəsi hakim qalmaqalı fonunda keçib. “İnter”ə 2:3 hesablı məğlubiyyətdən sonra komanda nümayəndələri referi ilə münaqişəyə görə sanksiya alıblar. Klub daxilində sərt açıqlamalar səslənib və bildirilib ki, bu cür epizodlar belə səviyyəli oyunların taleyinə təsir etməməlidir.
İdman baxımından da vəziyyət həssasdır. “Yuventus” top-klublarla görüşlərdə xal itkilərini dayandırmalıdır. Üstəlik, heyət itkisi var: “İnter”lə oyunda qırmızı vərəqə alan Pyer Kalulu bu matçı buraxacaq. Bu isə müdafiə xəttində seçim imkanlarını azaldır.
“Komo” mövsümü uğurla keçirir və hücumda təhlükəlidir. Komanda son 10 oyunun 9-da qol vurub. Lakin Nikо Pas diskvalifikasiya səbəbindən Turinə gəlməyəcək. Statistikaya görə, onsuz “Komo” bu mövsüm xal itkiləri yaşayıb.
Həmçinin Sesk Fabreqasla bağlı epizod diqqət çəkir. “Komo”nun “Milan”la (1:1) oyununda Fabreqas kənar xəttdə Aleksis Saelemakerslə təmas yaşayıb, bundan sonra mübahisə alovlanıb və Massimiliano Alleqri qırmızı vərəqə alıb. Fabreqas sonradan davranışına görə üzr istəyib və bunu idman ruhuna uyğun olmayan addım adlandırıb. Alleqri isə məşqçinin oyuna müdaxiləsinin qəbuledilməz olduğunu bildirib. Bu hadisə “Komo” üçün vacib səfər öncəsi əlavə emosional yük yaradır.
“Leççe” – “İnter” (21 fevral)
Lider turnir cədvəlində 17-ci pillədə qərarlaşan “Leççe”nin qonağı olacaq. Ev sahiblərinin 24 xalı var və onlar təhlükəli zonanın bir addımlığındadır. “İnter” isə 61 xalla zirvədədir. Qarşılaşma yerli vaxtla saat 18:00-da başlayacaq.
Qonaqlar üçün əsas xəbər kapitan Lautaro Martineslə bağlıdır. Argentinalı hücumçu sol ayağının baldır əzələsindən zədə alıb və vəziyyəti növbəti həftə yenidən qiymətləndiriləcək. Bu, həm hücum xəttində seçimə, həm də avrokubok qrafikində rotasiyaya təsir edir.
“İnter” üçün həftə ağır keçib. Çempionlar Liqasının pley-off mərhələsində komanda səfərdə “Bude-Qlimt”ə 1:3 hesabı ilə uduzub və cavab oyunu öncəsi əlavə təzyiq altındadır. Buna görə məşqçilər korpusu Leççedə nəticə ilə bərpa arasında balans tapmalıdır.
“Leççe” üçün plan aydındır: liderə qarşı erkən qoldan sonra dağılmamaq, müdafiə strukturunu qorumaq və standart vəziyyətlərdə və ya sürətli əks-hücumlarda şans axtarmaq. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə belə ev sahibləri üçün böyük uğur sayılacaq. “İnter” üçün isə bu səfərdə xal itkisi təqibçilərlə fərqi minimuma endirə bilər.
26-cı turun digər oyunları
20 fevral
“Sassuolo” – “Verona” 3:0
21 fevral
“Kalyari” – “Latsio”
22 fevral
“Cenoa” – “Torino”
“Atalanta” – “Napoli”
“Milan” – “Parma”
“Roma” – “Kremoneze”
23 fevral
“Fiorentina” – “Piza”
“Bolonya” – “Udineze”
A Seriyası – 26-cı tur öncəsi turnir cədvəli
“İnter” – 61
“Milan” – 54
“Napoli” – 50
“Roma” – 47
“Yuventus” – 46
“Komo” – 42
“Atalanta” – 42
“Sassuolo” – 35
“Bolonya” – 33
“Latsio” – 33
“Udineze” – 32
“Parma” – 29
“Kalyari” – 28
“Torino” – 27
“Cenoa” – 24
“Kremoneze” – 24
“Leççe” – 24
“Fiorentina” – 21
“Piza” – 15
“Verona” – 15
Teymur Tuşiyev
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.