RU

Naxçıvanda su ehtiyatlarından səmərəli istifadəyə dair Tədbirlər Planı uzunmüddətli su təhlükəsizliyini təmin edəcək - AÇIQLAMA

Naxçıvan, 21 fevral, Nail Əsgərov, AZƏRTAC

Bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Bu Sərəncam Naxçıvan Muxtar Respublikasında su təhlükəsizliyinin təmin olunması, dayanıqlı su mənbələrindən istifadənin genişləndirilməsi və mövcud resurslardan daha səmərəli yararlanmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev deyib.

O qeyd edib ki, hazırda əsas su mənbələrindən biri olan Araz çayı hövzəsində istismar olunan hidrotexniki qurğuların böyük əksəriyyəti 1960–1970-ci illərdə inşa edilib.

“Uzunmüddətli istismar nəticəsində həmin qurğuların amortizasiya müddəti başa çatıb, faydalı iş əmsalları aşağı düşüb və yenidənqurma işlərinə ehtiyac yaranıb. Bu baxımdan, hidrotexniki qurğuların əsaslı təmiri, yenilənməsi və müasir texnologiyalarla təchiz edilməsi Tədbirlər Planının əsas icra istiqamətlərindən biri olacaq. Eyni zamanda, əkin sahələrinin qapalı suvarma sistemləri ilə təmin edilməsi, su itkilərinin minimuma endirilməsi, müasir suvarma üsullarının tətbiqi də prioritet məsələlər sırasındadır. Bu tədbirlər kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, su resurslarından qənaətli istifadəyə və ekoloji tarazlığın qorunmasına xidmət edəcək. Tədbirlər Planının icrası nəticəsində Naxçıvan Muxtar Respublikasında su təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi, su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi və uzunmüddətli su təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlərin əldə olunacağı gözlənilir”, - deyə Malik Rzayev vurğulayıb.

İdarə rəisinin sözlərinə görə, Tədbirlər Planı muxtar respublikada əkin dövriyyəsinin artırılmasına, fermerlərin dayanıqlı su mənbələrindən istifadəsinə, eyni zamanda, içməli su sahəsində təminatın və torpaqların meliorativ vəziyyətinin yaxşılaşmasına mühüm töhfə verəcək: “Belə ki, hazırda əkin sahələrində suvarma zamanı əsasən açıq kanallardan istifadə olunur. Bu isə həm su israfına, həm də bəzi ərazilərdə su sızmaları nəticəsində torpaqların şoranlaşmasına və meliorativ vəziyyətin pisləşməsinə səbəb ola bilir. Tədbirlər Planı çərçivəsində qapalı suvarma sistemlərinin tətbiqi, su itkilərinin minimuma endirilməsi, suyun daha dəqiq və qənaətli paylanması təmin ediləcək. Bunun nəticəsində kənd təsərrüfatı sahələrində məhsuldarlıq artacaq, torpaqların münbitliyi qorunacaq və su resurslarından daha səmərəli istifadə olunacaq”.

Избранный
18
1
azertag.az

2Источники