ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Pakistan ordusu son vaxtlar törədilən hücumlara, o cümlədən İslamabadda şiə məscidində baş verən qanlı terror aktına görə məsuliyyət daşıyan silahlı qruplaşmaların "düşərgə və sığınacaqlarını" hədəf alaraq Əfqanıstan ərazisinə hava zərbələri endirib.
Əfqanıstanın Müdafiə Nazirliyi bazar günü həyata keçirilən hücumları pisləyib.
Nazirliyin bəyanatında bildirilib ki, Nəngərhar və Paktika vilayətlərində dini məktəbə və yaşayış evlərinə endirilən zərbələr nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla insan həlak olub və yaralanıb. Əfqanıstan mənbələri Nəngərharda ən azı 17 nəfərin öldüyünü təsdiqləyib.
Pakistanın İnformasiya və Yayım Nazirliyi "X" sosial şəbəkəsində yaydığı bəyanatda ölkə hərbçilərinin "Təhriki-Taliban Pakistan" (TTP) və onun qollarına məxsus yeddi düşərgə və sığınacağa qarşı "kəşfiyyat məlumatlarına əsaslanan seçmə əməliyyatlar" keçirdiyini bildirib. Məlumata görə, sərhəd bölgəsində İŞİD qruplaşmasının bir qolu da hədəfə alınıb.
Qeyd olunub ki, rəsmi İslamabad dəfələrlə Əfqanıstanın Taliban hökumətini silahlı qruplaşmaların Əfqanıstan ərazisindən hücumlar təşkil etməsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb, lakin Kabil "heç bir əsaslı addım" atmayıb.
"Pakistan həmişə regionda sülh və sabitliyi qorumağa çalışıb. Lakin vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün əsas prioritet olaraq qalır", - deyə bəyanatda vurğulanıb.
Əfqanıstana endirilən hava zərbələri şimal-qərbdəki Xayber-Paxtunxva əyalətinin Bannu rayonunda təhlükəsizlik karvanını hədəf alan və bir polkovnik-leytenant da daxil olmaqla, iki əsgərin ölümü ilə nəticələnən intiharçı hücumundan bir neçə saat sonraya təsadüf edib.
Bazar ertəsi yaxınlıqdakı Bacaurda silahlıların dəstəklədiyi başqa bir kamikadze partlayıcı maddə ilə dolu avtomobili təhlükəsizlik postunun divarına çırpıb, nəticədə 11 əsgər və bir uşaq həlak olub. Səlahiyyətlilər hücumçunun Əfqanıstan vətəndaşı olduğunu açıqlayıb.
Xatırladaq ki, fevralın 6-da İslamabadın Tarlay Kalan ərazisindəki "Xədicətül-Kübra" məscidində də kamikadze özünü partlatmış, ən azı 31 dindar ölmüş, 170 nəfər isə yaralanmışdı. Bu hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb. O zaman Pakistan hərbçiləri hücumun Əfqanıstanda planlaşdırıldığını bildirmişdi.
Pakistan İnformasiya Nazirliyi beynəlxalq ictimaiyyəti Talibanı 2020-ci ildə Dohada imzaladığı razılaşmaya (Əfqanıstan ərazisindən digər ölkələrə qarşı hücumlar üçün istifadənin qarşısının alınması) əməl etməyə məcbur etməyə çağırıb.
Öz növbəsində Əfqanıstanın Müdafiə Nazirliyi Pakistanın hücumlarını "beynəlxalq hüququn və mehriban qonşuluq prinsiplərinin pozulması" kimi qiymətləndirib və cavab veriləcəyini vəd edib: "Mülki vətəndaşların və dini obyektlərin hədəfə alınmasına görə Pakistan hərbçilərini məsuliyyət daşıyır. Biz bu hücumlara vaxtında və adekvat cavab verəcəyik".
Qeyd edək ki, qonşu ölkələr arasında münasibətlər oktyabrda baş verən qanlı toqquşmalardan bəri gərgin olaraq qalır. Oktyabrın 19-da Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəs əsasən qorunsa da, sonradan Türkiyədə keçirilən danışıqlar rəsmi razılaşma ilə nəticələnməyib.
(teleqraf)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.