RU

Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açıldı

Azərbaycan Milli İncəsənət Muzeyində mədəniyyətimizdə əhəmiyyətli iz qoymuş, Milli incəsənət məktəbinin ən maraqlı nümayəndələrindən biri, Xalq rəssamı Davud Kazımovun anadan olmasının 100 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Publika.az Trend-ə istinadənxəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov, milli incəsənətin korifeyi, Xalq rəssamı Ömər Eldarov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev və digərləri ustadın zəngin irsindən və milli incəsənətin inkişafına verdiyi töhfələrdən danışıblar.

Muzeyin direktoru vurğulayıb ki, rəssamın Azərbaycan muzeylərində qorunan əsərləri arasında ən böyük kolleksiya məhz Milli İncəsənət Muzeyinə məxsusdur. Bu sərgidə muzeyin daimi ekspozisiyası fondlardan və şəxsi kolleksiyalardan təqdim olunan əsərlərlə zənginləşdirilib.

Açılış mərasimində görkəmli rəssam və pedaqoqun ünvanına çoxsaylı xoş sözlər səsləndirilib. O, təkcə tanınmış sənətkar kimi deyil, həm də gözəl insan, səmimi dost, güclü, nəcib və xeyirxah şəxs kimi yad edilib.

Davud Kazımovun yaradıcılığında öz dövrünün ruhu sanki güzgü kimi əks olunur. Bununla belə, ustadın istedadı, tablolarının enerjisi, portret əsərlərindəki canlı emosiyalar, mənzərələrindəki xüsusi rahatlıq və zərif işıq onun sənətini bu gün də son dərəcə müasir göstərir. Rəssam bu gün də hamı üçün çox maraqlı şəxsiyyətdir - sərgiyə gələn və sənətkarın xatirəsini anmaq istəyən ziyarətçilərin sayı buna əyani sübutdur.

Избранный
20
publika.az

1Источники