RU

Körpə öldü, SUALLAR qaldı: Özəl UŞAQ evlərinə kim nəzarət edir? – ARAŞDIRMA

Sosial şəbəkələrdə uşaq evləri ilə bağlı yayılan ciddi iddialar cəmiyyətdə dərin narahatlıq doğurub. İddialara görə, bəzi müəssisələrdə uşaqlara hətta içməli su belə məhdud şəkildə verilir, onlarla kobud rəftar edilir, gətirilən yardımlar isə təyinatı üzrə istifadə olunmur. Xüsusilə qeyri-dövlət uşaq evləri ilə bağlı narazılıqların artması bu sahədə nəzarət mexanizmlərinin effektivliyi məsələsini yenidən gündəmə gətirib.

Yaxın günlərdə – fevralın 14-də Sabunçu rayonunun Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən “Nur” Uşaq Evində baş verən ölüm hadisəsi isə ictimai rezonansı daha da gücləndirib. Məlumata görə, valideyn himayəsindən məhrum olan, cəmi yaşyarımlıq Ömür Zeynovun halı qəfil pisləşib və o, vəfat edib. İddiaya əsasən, körpənin ölümünə qızılca və yanaşı virus infeksiyası səbəb olub. Hazırda faktla bağlı araşdırma aparılır. Sosial mediada isə hadisənin baxımsızlıq nəticəsində baş verdiyi barədə iddialar səsləndirilir.

“Nur” Uşaq Evində yaşanan bu hadisə ilə bağlı müxtəlif istifadəçilər tərəfindən paylaşılan fikirlərdə ciddi ittihamlar yer alıb. Həmin paylaşımlardan sitatları da təqdim edirik.
Fidan adlı istifadəçi yazır: “O uşaq evi bağlanmalıdır. Orada uşaqları döyürlər. Qonşular deyir ki, tez-tez qışqırıq səsləri gəlir. Sahibi də yaxınlıqda mağaza açıb, uşaqlara gətirilən şeyləri satır. Orada ciddi yoxlama aparılmalıdır. Bunu nə mən, nə də başqası edə bilər – yalnız səlahiyyətli qurumlar. Satılan malların sənədləri tələb olunmalıdır, uşaqlar müayinədən keçirilməlidir. Qadın öz şəxsi evində uşaq evi açıb. Belə şey olar?!”
Sevinc Məmmədli yazır: “Bir il əvvəl o uşaq evinə getmişdik və gördüklərimiz qarşısında şok olmuşduq. Uşaqlarla məşğul olunmurdu, tərbiyədən söhbət gedə bilməzdi. Balaca uşaqlar pul və bıçaq üstündə dava edirdi. Ora gətirilən şeyləri satmağı düşünürdülər. Paltarlar pis vəziyyətdə idi, halbuki, biz orada olanda xeyli paltar gətirilmişdi. Sadəcə, özbaşınalıq idi. Yəqin ki, körpəyə düzgün baxmayıblar, maye verməyiblər, başında durmayıblar və uşağın halı ağırlaşıb. Allah günahkarların bəlasını versin”.
Ayan adlı istifadəçi isə onu şəxsən tanıdığını yazıb: “Ömür 5 günlük olanda uşaq evinə gətirilib. Oktyabrda 1 yaşı qeyd olunmuşdu. Anası da yanında idi. Ömür qızılca tutmuşdu, təkcə qızılca yox, yanaşı virus xəstəliyinə də yoluxmuşdu. Bu xəstəlikdə iki gün ərzində düzgün müalicə başlanmalı idi. Qızılca kimi yanaşıb, digər xəstəliyə müdaxilə etməyiblər. Ömür ağırlaşıb, boğulurmuş, təcili yardım gələndə artıq keçinmişdi. Bu uşağın ölümündə həm anası, həm də uşaq evi günahkardır, vaxtında xəstəxanaya yerləşdirilməyib. Can, Ömür… Mələk gəldin, mələk getdin bu dünyadan”.
Sona adlı digər bir istifadəçi də bu uşaq evində olduğunu yazıb: “Bir ay əvvəl qucağımıza almışdıq, uşaqlar evinə gedəndə. Səhv etmirəmsə, qızdırması var idi. Heç kimin ünvanına nə isə demək istəmirəm, amma orada gördüyüm bir şey yadımdan çıxmır – uşaqlara su verilmir. Elementar suyu da dağıtmasınlar deyə vermirlər. Halbuki onların ən çox ehtiyacı olan şey sudur. Bir balaca uşaq mənə yaxınlaşdı, nə isə anlatmağa çalışdı, təxminən 1 yaş yarım olardı. Anlamadım nə deyir, amma su istədiyini başa düşdüm. İşçilərdən bir stəkan su istədim. Böyük stəkanı birnəfəsə içdi. Sonra digər uşaqlar da bizə yaxınlaşıb su istədi. Şikayət etməyə də adam qorxur ki, birdən sonra uşaqları görməyə icazə verməzlər”.
Qeyd edək ki, bu sitatlar sosial şəbəkə istifadəçilərinin şəxsi paylaşımlarıdır və hazırda fakt üzrə rəsmi araşdırma aparılır.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Musavat.com-a bildirib ki, dövlət nəzarətində fəaliyyət göstərən uşaq müəssisələrində uşaqların qidalanması, tibbi, psixoloji və sosial xidmətlərlə təminatı qanunvericiliyin normativ tələblərinə uyğun təşkil edilir və mütəmadi monitorinqlər aparılır.
Onun sözlərinə görə, uşaqların hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir və hər hansı pozuntu aşkarlandıqda qanunvericiliyə uyğun tədbirlər görülür.
Qurum rəsmisi qeyri-dövlət uşaq sığınacağında baş vermiş ölüm faktı ilə bağlı isə bildirib ki, məlumat daxil olan kimi məsələ aidiyyəti dövlət qurumlarına çatdırılıb və hazırda qanunvericiliyin tələblərinə uyğun araşdırma aparılır:
“Ölümün səbəbi məhkəmə-tibbi ekspertiza rəyi əsasında müəyyən ediləcək. Araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə rəsmi və dəqiqləşdirilmiş məlumat təqdim olunacaq. Komitə araşdırma başa çatmadan təsdiqlənməmiş məlumatların yayılmasının yolverilməz olduğunu vurğulayıb”.
Məlumat üçün bildirək ki, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların saxlanıldığı müəssisələr vahid quruma deyil, bir neçə dövlət orqanına tabedir. Hazırda bu müəssisələrin bir hissəsi Elm və Təhsil Nazirliyinin, bir qismi yerli icra hakimiyyəti orqanlarının, digər hissəsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Elm və Təhsil Nazirliyinin tabeliyində əsasən internat məktəbləri və ailə tipli kiçik qrup evləri fəaliyyət göstərir. Qəbul və müəssisəni tərk etmə məsələləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin qərarı əsasında həyata keçirilir. Nazirlik eyni zamanda təhsilin keyfiyyətinə və dövlət standartlarına uyğun təşkilinə nəzarət edir. Bundan əlavə, 2011-ci ildə Prezident sərəncamı ilə uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq, yerli icra hakimiyyəti orqanlarına verilib.
Bəs özəl uşaq evlərinə kim nəzarət edir? Məhz burada əsas sual yaranır: dövlət tabeliyində olan müəssisələr bir neçə qurumun nəzarətindədirsə, özəl uşaq evlərində məsuliyyət və nəzarət mexanizmi necə qurulub?

Vəkil Ramil Süleymanov Musavat.com-a açıqlamasında bildirib ki, uşaq evlərinin fəaliyyəti lisenziya tələb edən fəaliyyət növüdür:
“Bu lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. Lisenziyalaşdırma mərhələsində Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi də öz səlahiyyətləri çərçivəsində prosesə cəlb olunur. Əgər müəssisə QHT balansındadırsa, bu halda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi də nəzarət mexanizmində iştirak etməlidir”.
Onun sözlərinə görə, neqativ hallar baş verərsə, daxili işlər orqanları da prosesə cəlb olunmalıdır:
“Çünki Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar fəaliyyət göstərir və onlar uşaq müəssisələrində profilaktik tədbirlər aparmaq səlahiyyətinə malikdirlər”.
Vəkil vurğulayıb ki, dövlətin bu sahədə nəzarəti konstitusion öhdəlikdir:
“Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqlar dövlətin himayəsindədir və bu himayə təkcə dövlət müəssisələrinə deyil, ölkə ərazisində fəaliyyət göstərən bütün uşaq müəssisələrinə şamil olunur”.
Hadisə ilə bağlı bir sıra suallar isə açıq qalır. Qeyri-dövlət uşaq evlərində monitorinqlər hansı tezliklə və hansı mexanizmlə aparılır? Su, qida və tibbi xidmətlə bağlı normativ tələblərə əməl olunmasına kim operativ nəzarət edir? Yardımların təyinatı üzrə istifadəsi necə izlənilir? Sosial şəbəkələrdə səslənən iddialar üzrə ayrıca yoxlama başladılıbmı?
Uşaq evlərində baş verən hər bir neqativ hadisə cəmiyyət üçün təkcə hüquqi deyil, həm də mənəvi sarsıntıdır. Valideyn himayəsindən məhrum uşaqların qorunması dövlətin və cəmiyyətin birgə məsuliyyətidir. Araşdırmanın nəticələri kimi, yəqin ki, bu konkret hadisəyə hüquqi qiymət veriləcək. Lakin məsələ tək bir müəssisə ilə məhdudlaşmır. Sistemli nəzarət mexanizmlərinin effektivliyi və şəffaflığı məsələsi də gündəmdə qalır...
Избранный
22
yenilik.az

1Источники