RU

Şirkətin pulunu mənimsəyən satış təmsilçisinə cəza təyin edilmədi

Mingəçevir Şəhər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Rəsul Rəsulovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nemət Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü Rəsul Rəsulov Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə ona cəza təyin edilməyib.

 

İttihama əsasən, Rəsul Rəsulov MMC-lərin birində 2009-cu ildən fəaliyyət göstərir və hazırda şirkətin departamentinin Mingəçevir bölgə satış şöbəsində satış təmsilçisi vəzifəsində çalışır.

 

Təqsirləndirilən şəxsə vəzifəsi ilə əlaqədar cəmiyyətə məxsus maddi qiymətli əmlakın satışından əldə edilən pul vəsaitinin vaxtında və tam həcmdə cəmiyyətin xəzinəsinə təhvil verilməsi birbaşa həvalə edilib. Lakin istintaq materiallarına görə, o, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını mənimsəməyə yönəlmiş vahid niyyətlə hərəkət edib.

 

Belə ki, 13 oktyabr 2009-cu il tarixdən 02 may 2011-ci il tarixədək olan dövr ərzində Rəsul Rəsulov MMC-nin Mingəçevir şəhəri, Gəncə şosesi 16 ünvanında yerləşən anbarından post terminal vasitəsilə verdiyi sifarişlər əsasında, dislokasiyasına daxil olan satış nöqtələrinə təhvil verilməsi üçün qaimə-fakturalara uyğun olaraq ümumilikdə 96 124,28 manat dəyərində mallar qəbul edib. Bundan əlavə, ticarət nöqtələrində qalmış 59 109,25 manat dəyərində mallar da onun maddi məsuliyyətində olub.

 

Araşdırma zamanı müəyyən edilib ki, qəbul edilmiş malların satışından əldə olunan 104 173,69 manat məbləğində pul vəsaiti cəmiyyətin kassasına ödənilib. Eyni zamanda, uçot üzrə öhdəlikdə olan mallardan 46 594,22 manat dəyərində mallar digər ticarət obyektlərində, 41 049,07 manat dəyərində mallar isə anbar üzrə faktiki qalıq kimi mövcud olub. Təhvil-təslim zamanı 4 285,32 manat dəyərində mallar cəmiyyətin anbarına qaytarılıb, 180,30 manat dəyərində mallar isə satış üçün digər müştərilərə verilib.

 

Lakin ittihama görə, Rəsul Rəsulov qəbul edərək öhdəliyində olan 7 208,32 manat dəyərində malları müştərilərə təhvil verməyib, həmçinin ticarət nöqtələrində malların satışından əldə edilmiş 5 545,15 manat məbləğində pul vəsaitini cəmiyyətin kassasına ödəməyib.

 

Beləliklə, ona etibar edilmiş ümumilikdə 12 753,47 manat məbləğində özgə əmlakını mənimsəmə yolu ilə talayaraq MMC-yə xeyli miqdarda maddi ziyan vurduğu müəyyən edilib.

 

Kamal Məmmədov

Tarix: 23 Fevral 2026, 08:15   
Избранный
26
pravda.az

1Источники