RU

FHN-in dələduzluq edən qadın əməkdaşı amnistiyaya düşdü

Xəzər Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samirə Səfərovanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv olunub.

 

İttihama əsasən, Samirə Səfərova 2021-ci ildən Fövqəladə Hallar Nazirliyinin idarələrinin birində Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsində çalışıb. O, həmin vəzifədə işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edib, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etməkdə təqsirləndirilib.

 

İş materiallarına görə, 20 aprel 2024-cü il tarixdə zərərçəkmiş B.B. (adı, soyadı şərtidir) Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində yerləşən obyektinə yanğın-texniki müayinənin nəticəsinə dair müsbət rəy alınması üçün Samirə Səfərovaya müraciət edib. Təqsirləndirilən şəxs obyektin qanunvericiliyin tələblərinə cavab vermədiyini bildiyi halda, guya nazirlikdə yüksək vəzifədə çalışan tanışı vasitəsilə müsbət rəy təşkil edə biləcəyini yalandan vəd edib. O, məsələni həll etmək üçün 9 000 manat məbləğində vəsaitin rüşvət qismində verilməsinin zəruri olduğunu bildirərək zərərçəkmişi aldadıb. 2024-cü ilin yay aylarında hissə-hissə olmaqla həmin məbləği alaraq şəxsi ehtiyaclarına sərf edib və bununla da zərərçəkmiş şəxsə 9 000 manat ziyan vurub.

 

Digər epizod üzrə, Samirə Səfərova 2024-cü ilin aprel ayında obyekt sahibi adından etibarnamə ilə çıxış edən zərərçəkmiş P.P.-nin (adı, soyadı şərtidir) iaşə obyektinə istismara qəbul rəyi sənədinin alınmasına köməklik göstərmək adı ilə 10 000 manat tələb edib. Təqsirləndirilən şəxs obyektin standartlara cavab vermədiyini bildiyi halda, yenə də guya yüksək vəzifəli tanışları vasitəsilə məsələni həll edəcəyini vəd edib. 23 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Aeroport yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsində “Buta Palace” yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində 10 000 manat məbləğində pulu şəxsən alıb. Lakin vədinə əməl etməyərək vəsaiti mənimsəyib.

 

Növbəti fakt üzrə, 2024-cü ilin sentyabr ayında zərərçəkmiş Q.Q.-nin (adı, soyadı şərtidir) Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən daşınmaz əmlaka çıxarış alınması məqsədilə yanğın-texniki müayinəyə dair müsbət rəy üçün müraciət edib. Samirə Səfərova obyektə baxış zamanı ciddi nöqsanlar – su hovuzunun, hidrantların, siqnalizasiya və yanğınsöndürmə sistemlərinin normativ tələblərə uyğun olmadığını görüb. Buna baxmayaraq, 10 000 manat qarşılığında müsbət rəy təşkil edə biləcəyini bildirərək həmin məbləği alıb və şəxsi ehtiyaclarına sərf edib.

 

Bundan əlavə, 2024-cü ilin aprel-dekabr aylarında Binə qəsəbəsində yerləşən bir neçə iaşə obyektinə istismara qəbul rəyi alınması adı ilə müxtəlif şəxslərdən ümumilikdə 10 200 manat vəsait alınıb. Həmin məbləğin bir hissəsi (2 500 və 1 700 manat) sonradan geri qaytarılsa da, qalan vəsait mənimsənilib. Nəticədə Samirə Səfərova zərərçəkmiş şəxslərə ümumilikdə xeyli miqdarda maddi ziyan vurub.

 

Beləliklə, Samirə Səfərova ümumilikdə on minlərlə manat vəsaiti etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək təkrar dələduzluq edib.

 

Məhkəmə iclasında Samirə Səfərova elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, vurduğu maddi ziyanı tam ödədiyini bildirib. O, həmçinin himayəsində iki azyaşlı övladının olduğunu nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya tətbiq olunmasını xahiş edib.

 

Məhkəməyə təqdim olunmuş və notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilib və onların Samirə Səfərovaya qarşı şikayət və tələbi yoxdur.

 

Qeyd: Samirə Səfərova daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 23 Fevral 2026, 08:42   
Избранный
32
pravda.az

1Источники