Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Alı Babayevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilib.
İttihama əsasən, hadisə 26 yanvar 2026-cı il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən küçələrin birində qeydə alınıb.
Belə ki, Alı Babayev qısqanclıq zəminində qeyri-rəsmi münasibətdə olduğu zərərçəkmiş Fəxriyyə Səmədova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, qəsdən yumruqla zərərçəkmiş şəxsin sifət nahiyəsinə zərbə endirib. Hadisə nəticəsində qadının alt dodağın sol yarısının yumşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan, iç səthində cərrahi tikişə ehtiyac yaradan əzilmiş yara xəsarəti alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilib.
Toplanmış materiallar əsasında Alı Babayevə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunub.
Məhkəmənin hazırlıq iclasında Alı Babayev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini etiraf edib. O, zərərçəkmiş şəxslə barışdığını, vurduğu ziyanın tam şəkildə ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Hazırlıq iclasında ifadə verən Fəxriyyə Səmədova də təqsirləndirilən şəxsin dediklərini təsdiqləyib. O, tərəflər arasında barışıq əldə olunduğunu, dəymiş ziyanın tam ödənildiyini və hazırda Alıya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib. Bununla bağlı məhkəməyə yazılı ərizə təqdim edilib.
Kamal Məmmədov