Məzunların məmur təyinatlarının ardıcıl şəkildə "uğur hekayəsi" kimi təqdim edilməsi faktiki olaraq elmi nəticələrin görünməzləşməsi ilə müşayiət olunur. Universitetlər neçə patent aldı, hansı texnologiya transfer edildi, hansı tədqiqat real sektor tərəfindən tətbiq olundu-bu suallar arxa plana keçir. Nəticədə PR məzmunu elmi məzmunu əvəz edir.
Bu yanaşma iki ciddi problemi dərinləşdirir:
-Universitetlərin fəaliyyət göstəriciləri yanlış qurulur-karyera yerləşdirməsi elmi nəticədən üstün tutulur.
-Gənclər üçün yanlış motivasiya formalaşır- yaradıcılıq və innovasiya deyil, sistem daxilində vəzifə tutmaq əsas hədəfə çevrilir.
Ali təhsilin yalnız kadr hazırlayan mexanizm kimi təqdim edilməsi struktur risklər yaradır: bu yanaşma elmi fəaliyyətin utilitarlaşmasına səbəb olaraq tədqiqatın məqsədini bilik istehsalından inzibati karyeraya xidmətə yönəldir, nəticədə real sektor üçün innovativ kadr axını məhdudlaşır və sənaye, texnologiya, sahibkarlıq sahələrinin inkişafı zəifləyir, eyni zamanda akademik mühit daralır, universitetdə qalmaq və elmi karyera qurmaq gənclər üçün cazibəsini tədricən itirir.
Dünyanın aparıcı universitetləri məzunlarının tutduğu vəzifələri deyil, onların yaratdığı nəticələri önə çəkir-sənayeyə tətbiq olunan texnologiyaları, formalaşdırılan startap və spin-off şirkətləri, beynəlxalq sitat indeksli tədqiqatları, sosial problemlərə həll gətirən layihələri və milli iqtisadiyyata ölçülə bilən təsiri əsas uğur göstəricisi kimi qabardır.
Universitet üçün ən böyük uğur-məzunun vəzifəsi deyil, onun yaratdığı dəyərdir.
Orta səviyyəli məmur təyinatlarının institusional nailiyyət kimi təqdim edilməsi əslində daha dərin problemi gizlədir: universitetlərin elmi nəticə istehsal etməkdə çətinlik çəkməsi. Elmi nailiyyət az olduqca simvolik uğurlar ön plana çıxarılır. Bu isə strateji boşluğun kommunikasiya ilə kompensasiya edilməsidir.
Ali təhsil müəssisələri cəmiyyətə məmur deyil, transformasiya istehsal etməlidir. Kadr hazırlamaq universitet funksiyalarından yalnız biridir və heç vaxt əsas göstərici ola bilməz.
Universitet fəxr etməlidir ki, onun tədqiqatları istehsalda istifadə olunur, laboratoriyaları yeni məhsullar yaradır, məzunları iqtisadiyyatın struktur dəyişikliklərinə töhfə verir və həyata keçirdiyi elmi siyasət milli inkişaf strategiyasına real təsir göstərir.
Əks halda universitet öz missiyasını daraldır və tədricən bilik institutu yox, sertifikat paylayan sosial platformaya çevrilir.
Məzunun məmur olması universitet üçün uğur deyil - maksimum fərdi karyera hadisəsidir. Universitetin uğuru isə sistemli, ölçülə bilən və iqtisadi dəyər yaradan elmi nəticələrlə müəyyən olunur.
Əgər ali məktəblər fəxr obyektini dəyişməsə, onlar gələcəyin iqtisadiyyatını formalaşdıran institutlar yox, mövcud inzibati strukturun reproduksiya mexanizminə çevrilmək riski ilə üz-üzə qalacaqlar.
Universitetlərin əsas sualı belə olmalıdır:
Biz neçə vəzifəli şəxs yetişdirdik? yox - Biz cəmiyyət üçün hansı yeni dəyəri yaratdıq?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31