RU

"Bizim vaxtımızda" ifadəsi niyə dilimizdən düşmür? - Leyla Sarabi

Kulis.az Leyla Sarabinin yeni yazısını təqdim edir.

Birdən oyanırsan ki, bir vaxtlar beyninə neqativ siqnal ötürən “bizim vaxtımızda” lənəti dilindən düşmür. Hə, bizim vaxtımızda insanları xarakterə görə dörd cərgəyə bölürdülər. Məktəblərin ala-çiy psixoloqları da bu bölgünü çeynəyə-çeynəyə izah edirdi. Sonra sinif uşaqları ilə bir-birimizi analiz etməyə başlayırdıq. Yadımda qalan odur ki, mən onda melanxolik idim. Baza funksiyalarım hələ də dəyişməyibsə...

Onu deyirdim axı... Bu bölmələr, vurub-çıxmalar hər dövrə tanışdır. İndi də yeni “çelenc” başladılıb. İnsanları nəsillərə ayırırlar. Bu ayrımda ən məsum, əzilib öz-özünə düzələn, travmalarını övlad sevgisi ilə sarıyan da biz millenniallarıq, yəni “Y” generasiyası... Bizdən öncə “X”, onlardan da əvvəl əksəriyyətimizin valideynlərinin içinə sığdığı “baby boomer”lərdir. Bizdən sonra da “Z”-lər gəlir, yəni “zoomer”lər. Bilirəm, qarışıq oldu, amma onların da daxilində 2010-cu ildən bəri doğulan alfalar yer alır. Dünyanı kökündən dəyişəcəyi proqnozlaşdırılan da elə bu alfalardır.

Futurinsanların gətirdikləri ilə yanaşı aparacaqlarının da dəyəri az olmayacaq.Yaşadıqca, qacetlərdəki süni beyin əlavələrinin masaüstü kitabla əvəzləndiyinin şahidi olmuruqmu?! Peşələr də dəyər yükünü onlara uduzur. İncəsənətin, ədəbiyyatın süqutu məni daha çox qorxudur. Bu rabitəsiz cümlələrin arasında aram-aram itib-batırıq.

Mən də alfa yeniyetmənin anası melanxolik millennialam. Bir neçə ay əvvəl maraq xatirinə süni intellektdən dəstək almaq üçün smartfonuma əlavə yüklədim. Mənim alfam dialoqumu oxuyub, hətta intonasiyamı da təqlid edərək, robotla həddən ziyadə emosional və nəzakətli rəftarıma irad bildirdi. Xatırlayıram, illər öncə yaxın rəfiqəmin anası sosial hesabların birində qızının fotosuna olduqca rəsmi və həddən ziyadə bədii şərh bildirib, sonda “Hörmətlə anan Hüseynova Lalə” (ad şərtidir) yazmışdı. Bu iradı o hadisə ilə tərəziyə qoydum, inanmazsınız, eyni gəldi.

Amma biz Y nəsli hər şeyi tez mənimsəyib, deyinmədən, övladımızın çiyninə minnət yükləmədən zəmanəyə buqələmun kimi doğmalaşa bilirik.

Ona görə bizdən törəyən Z-lərin bəzən uşağına dönürük. Mən bu sistemin əksinə axmaq istəmirəm. Çünki təsir əks təsirə bərabərdir. Öyrədərkən öyrənməyi, böyüdərkən böyüməyi əyləncəli oyuna bənzədirəm. Ovuc içindən axıb tökülən zamanımın daha dərindən fərqinə varmaq imkanı qazanıram. Bəlkə bu halda daha sağlam, travmasız alfa yetişdirə bilərəm. Önündə daha çox seçim yolları açaram.

Seçim dedim, haqqım yadıma düşdü. Bu günlərdə Z nəslinin suallarının hədəfi mən idim:

- Pendir sevirsiniz?

- Əlbəttə, sevirəm.

- Hansı pendirləri daha çox sevirsiniz?

Burada məqsəd cavabı dəqiqləşdirib, mənim ağız dadım haqda fikir formalaşdırmaq idi, zənnimcə. Yadıma düşdü ki, bəli, mən pendir sevirəm, mən bütün duyğularımın dadını, adını da bilirəm, amma uşaqkən seçim “seçimi”miz zəngin olmadığından, sadalamaq cəhətim axsayır. Axı mən həftənin eyni günlərinin eyni saatında cizgi filmi izləmək üçün televizor qarşısına oturan uşaq idim. Axı onun alternativi yox idi. Axı mən baxacağım animasiyanı belə seçə bilmirdim, hazır boşqabda önümə qoyulurdu.

Bu baxımdan hər hansı filmə sonadək baxmağa səbri çatmayıb, başqasına çevirən, əlindəkindən məmnun olmayıb, yenisinə can atan generasiyanın məndən (bizdən) daha xoşbəxt, daha uğurlu olacağına inanmıram. Amma istədiyinə məndən daha çox əmin, qərarlarına məndən daha çox sadiqdir. Bəlkə də ona görə biz milleniallar bu dövrlə də rahat ayaqlaşa bilirik. Onlarda olan cəsarətlə bizdən əsirgənənlərin boşluğunu doldurmağa çalışırıq. Onlar bizim qorxularımızı yaşamaqdan qorxmurlar. Buna görə də məncə, “bizim vaxtımız” hələ keçməyib, bəlkə də hələ gəlməyib.

Избранный
3
1
kulis.az

2Источники