"Zirə"nin hücumçusu Davit Volkov Misli Premyer Liqasının XXI turunda "Turan Tovuz"a qarşı keçirilən görüşdə əlamətdar uğura imza atıb.

Offsideplus.az Peşəkar Futbol Liqasının məlumatına istinadən xəbər verir ki, bu oyun gürcüstanlı futbolçunun Bakı təmsilçisinin heyətində ölkə çempionatlarında çıxdığı 100-cü matç olub.

Volkov "Zirə" forması ilə keçirdiyi bu görüşlərdə ümumilikdə 36 dəfə rəqib qapılarına yol tapıb.

Təcrübəli forvardın "Zirə"dəki debütü 2020-ci il fevralın 1-nə, "Sabah"la qarşılaşmaya (2:0) təsadüf edib. O, karyerası ərzində Azərbaycanın digər klubları - "Qəbələ" və "Sabah"da da çıxış edib.