ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bu gün qarşıma bir xəbər çıxdı. Beynəlxalq Olimpiya Komitəsi yapon fiqurlu konkisürənlərin şikayətindən sonra Olimpiadada podiumun səthini dəyişib. Deyəsən, podiumun üzərində xırda hissəciklər var imiş, idmançılara narahatlıq yaradırmış. Şikayət edilib, reaksiya verilib, problem həll olunub.
Xəbəri oxudum və istər-istəməz fikrim tamam başqa yerə getdi.
Uşaq vaxtı televizorun qarşısında oturub fiqurlu konkisürənlərə baxdığımız günlər yadıma düşdü. Səssiz bir zal, yumşaq musiqi, buz üzərində süzən insanlar… Hər hərəkət, hər fiqur adamın ruhuna toxunurdu. Təkcə idman deyildi bu estetik idi, zəriflik idi, səbr idi. Baxdıqca sakitləşirdik, heyran qalırdıq, bəlkə də hiss etmədən gözəllik anlayışımız formalaşırdı.
İndiki uşaqlar televizor qarşısında nəyə baxır?
Sürətli səslər, aqressiv görüntülər, məzmunu olmayan şoular, qışqırıq, lağ-lağı, zorakılıq, bəzən isə açıq-aşkar zövqsüzlük. Elə bir vəziyyət yaranıb ki, valideynlər uşaqları televizora yaxın buraxmağa qorxur. “Birdən nəsə pis çıxar”, “birdən psixologiyasına təsir edər” deyə narahat oluruq.
Vaxtilə bizi ekran qarşısına yığan fiqurlu konkisürmə, gimnastika, klassik idman növləri idi. İndi isə ekran uşaqları yox, uşaqlar ekrandan qaçırılmalı olur.
Maraqlıdır, o vaxt podiumun səthi necə idi, buzun keyfiyyəti nə dərəcədə mükəmməl idi bunu düşünmürdük. Çünki əsas olan ruh idi. Hərəkətlərin yaratdığı harmoniya idi. İndi isə podium dəyişdirilir, standartlar artırılır, texniki detallar müzakirə olunur, amma ruh getdikcə kənarda qalır.
Problem təkcə televiziyada deyil. Problem dəyərlərin dəyişməsindədir. Gözəlliyin yerini səs-küy, estetik zövqün yerini baxış sayı, sakitliyin yerini isə daimi gərginlik alıb.
Bəlkə də bu gün podiumlar daha təhlükəsiz, daha mükəmməldir. Amma uşaqlarımızın baxdığı ekranlar nə qədər təhlükəsizdir? Onların ruhu üçün hansı “səth” hazırlanıb?
Podiumu dəyişmək olar. Amma itirilən zövqü, saf marağı, gözəlliyə olan ehtiyacı geri qaytarmaq daha çətindir. Bəlkə də indi dəyişməli olan təkcə Olimpiya podiumları yox, bizim ekrana nə çıxardığımızdır.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.