RU

Xəstəliklərin yaşı cavanlaşır, yoxsa biz qocalırıq?

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir vaxtlar kənd həyətlərində, köhnə məhəllə skamyalarında eyni mənzərəni görərdik: nənə-babalar oturub-duranda əllərini bellərinə qoyar, dizlərini sığallayar, “oynaq açılmır”, “belim tutulub” deyə gileylənərdilər. Bu sözlər yaşın gətirdiyi təbii yorğunluq kimi qəbul olunardı. Ağrı — qocalığın bir əlaməti idi.

İndi eyni cümlələri 30-35 yaşlı gənclərdən eşidirik. “Belim yaman ağrıyır”, “dizlərim sanki donub”, “boynum tutulur, başım fırlanır” və s.

Maraqlıdır; xəstəliklər cavanlaşıb, yoxsa həyat bizi vaxtından əvvəl qocaldır?

Əvvəlki nəsil fiziki zəhmətlə böyüyüb. Torpaqla işləyib, piyada yol gedib, ağır iş görüb. Bəli, onların da oynaq problemləri vardı, amma bu ağrılar 60-70 yaşın nəticəsi idi.

Bu gün isə gənclər saatlarla kompüter qarşısında oturur. Ofis kreslosu, avtomobil sükanı, telefon ekranı – həyatımızın əsas üçbucağına çevrilib. Hərəkətsizlik əzələləri zəiflədir, onurğanı yükləyir, oynaqları sərtləşdirir. Bədən hərəkət üçün yaradılıb. Biz isə onu hərəkətsizliyə məhkum etmişik.

Keçmişdə fiziki yorğunluq çox idi, amma zehni yük indiki qədər deyildi. İndi isə gənclər daimi stress içində yaşayır: iş təzyiqi, kreditlər, sosial şəbəkələrin yaratdığı müqayisə psixologiyası, gələcək narahatlığı…

Xroniki stress orqanizmdə iltihabi prosesləri artırır. Bu isə oynaq ağrılarından tutmuş ürək-damar problemlərinə qədər bir çox xəstəliyin erkən yaşda ortaya çıxmasına zəmin yaradır.

Fast-food, qazlı içkilər, işlənmiş qidalar rahatdır, əlçatandır, amma bədən üçün ağır yükdür. Artıq çəki isə diz və bel oynaqlarına birbaşa təzyiq deməkdir. 5-10 kilo artıq çəki belə dizlər üçün illərlə əlavə yük yaradır.

Əvvəllər yemək təbii idi, indi isə sürətlidir.

Telefonlara baxmaqdan boyun fəqərələrinin önə əyilməsi artıq “text-neck” sindromu adlandırılır. 30 yaşında boyun yırtığı diaqnozu alanların sayı artır. Uşaqlar belə ortopedik problemlərlə böyüyür.

Bəlkə də məsələ xəstəliklərin cavanlaşmasında deyil. Məsələ həyat tərzimizin dəyişməsindədir.

Bədənimiz bizə siqnallar göndərir. 30 yaşında bel ağrısı “normal” olmamalıdır. Onu normallaşdırmaq, “hamıda var” deyib keçmək problemi dərinləşdirir. Bir vaxtlar ağrı qocalığın simvolu idi. İndi isə həyat tərzinin nəticəsidir.

Leyla Mirzə, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
icma.az

1Источники