ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 23 fevral, Xatirə Cəfərova, foto Aydın Məmmədov, operator Namiq Abdullayev, AZƏRTAC
Azərbaycan Fintex Assosiasiyasının (AzFina) tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “FinTech” laboratoriyasının (Fintech Lab) açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində yeni laboratoriya haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, “FinTech Lab” vasitəsilə tələbələrə maliyyə texnologiyaları sahəsində praktiki biliklərin aşılanması, fintex bazarında hazırda ehtiyac duyulan ixtisaslı kadrların hazırlanması, ödəniş xidmətləri sektorunda fəaliyyət göstərən təşkilatlar və elektron pul təşkilatları ilə birgə layihələrin icrası, həmçinin ölkədə maliyyə savadlılığının artırılmasına dəstək verilməsi nəzərdə tutulur.
Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev AzFina ilə qurulan bu əməkdaşlığı yüksək qiymətləndirib. Qeyd edib ki, bu əməkdaşlıq universitet-sənaye işbirliyinin inkişafı, eləcə də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanması istiqamətində faydalı olacaq.
Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov ölkəmizdə maliyyə texnologiyaları sahəsində mövcud vəziyyət və innovasiyalar haqqında məlumat verib. “Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd edildiyi kimi, rəqəmsallaşma və süni intellekt sahəsinin inkişafı prioritet istiqamət kimi müəyyən olunub. Bu, fintex sahəsi üçün də mühüm hadisədir”, - deyə Vüsal Xəlilov bildirib. O, yeni laboratoriyanın həm mütəxəssis hazırlığına, həm də maliyyə savadlılığının genişlənməsinə dəstək göstərməklə sektorun dayanıqlılığının artırılmasına töhfə verəcəyinə dair inamını ifadə edib.
Mərkəzi Bankın Ödəniş xidmətlərinin və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəisi Xəyaləddin Tağıyev laboratoriyada Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı strategiyasına uyğun mütəxəssislərin hazırlanmasının fintex sahəsində mövcud olan kadr ehtiyacının azaldılmasına dəstək olacağını qeyd edib.
AzFina-nın İdarə Heyətinin sədri Edqar Abdullayev AzTU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib və tələbələrin peşəkar mütəxəssis kimi yetişməsi istiqamətində bu laboratoriyanın əhəmiyyətini xüsusi vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.