RU

VÜQAR TOFİQOĞLUNUN QARDAŞI BAŞ PROKURORA MÜRACİƏT ETDİ “Bu, cinayət təqibi yox, hüququn instrumentalizasiyasıdır”

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV”-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) qanunsuz həbsi ilə bağlı Baş prokuror Kamran Əliyevə müraciət olunub. Hurriyyet.org baş redaktorun qardaşı, “Hürriyyət” qəzetinin baş direktoru Cəsur Məmmədov tərəfindən ünavanlanan müraciəti olduğu kimi dərc edirik:

“Hörmətli cənab Baş prokuror!

Bu müraciəti Sizə qardaşım, “Hürriyyət TV” və “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Tofiq oğlu Məmmədovun 29.10.2025-ci il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasından sonra barəsində aparılan cinayət təqibinin hüquqi məntiqinə, prosessual legitimliyinə və konstitusion əsaslarına dair dərin narahatlığımı ifadə etmək məqsədilə ünvanlayıram.

Bildirmək istəyirəm ki, qardaşım Vüqar Məmmədovun ilk dəfə saxlanıldığı gündən etibarən ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirləndirilməsi, seçilmiş həbs qətimkan tədbirinin ölçüsüzlüyü, habelə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin heç bir yeni, konkret və obyektiv əsas göstərmədən həbs müddətini əlavə üç ay uzatması cinayət-prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmayan, hüquqi müəyyənlik prinsipini sarsıdan və ədalətli məhkəmə araşdırması hüququnu faktiki olaraq illüziya səviyyəsinə endirən hallar kimi qiymətləndirilməlidir.

Qardaşımın təqsirli bilindiyi maddə “hədə-qorxu yolu ilə tələb etmə” kimi kvalifikasiya olunmuşdur. Bu maddənin hüquqi təbiəti, subyektiv və obyektiv tərəflərinin tərkibi, eləcə də sübut standartları nəzərə alındıqda, belə bir əməl üzrə istintaqın cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən ümumi səlahiyyətli istintaq orqanları, yəni polis orqanları tərəfindən aparılması zəruri idi. Lakin hazırda Vüqar Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır və istintaq da məhz bu qurum tərəfindən aparılır. Bununla yanaşı, təqdimat və məhkəmə qərarlarında bu işin Ramiz Mehdiyev və qeyriləri barəsində Dövlət Təhlükəsizliyi Xidmətində aparılan istintaq işi çərçivəsində ifadə olunduğu qeyd edilir ki, bu da hüquqi baxımdan ciddi suallar doğurur.

Çünki ortada fundamental və cavabsız sual qalır: əgər Vüqar Məmmədovun ittihamı hədə-qorxu yolu ilə pul tələb etmədirsə, Ramiz Mehdiyev işi ilə bu ittihamın hüquqi kəsişmə nöqtəsi haradadır? Bu əlaqə nədən ibarətdir? Hansı faktla, hansı epizodla, hansı sübutla təsdiqlənir? Bu günə qədər nə istintaq materiallarında, nə təqdimatlarda, nə də məhkəmə aktlarında bu əlaqəni əsaslandıran konkret hüquqi izah mövcud deyil. Belə bir əlaqənin yalnız formal şəkildə qeyd edilməsi, lakin mahiyyətinin açılmaması hüquqi baxımdan yolverilməzdir.

Bu məntiqsiz bağın saxlanılması hüquqi düşüncədə “assosiativ ittiham” adlandırılan təhlükəli yanaşmanı xatırladır: konkret əməl üzrə konkret sübutların yoxluğunu, ictimai rezonans doğuran adların çəkilməsi ilə kompensasiya etmək cəhdi. Halbuki cinayət təqibi, adların çəkisi ilə deyil, faktların çəkisi ilə ölçülür. Cinayət təqibi emosional kontekstlə, siyasi fonla və ya paralel istintaqların kölgəsi ilə deyil, sübutların keyfiyyəti və prosessual ardıcıllıqla aparılmalıdır. Əks halda bu, artıq cinayət təqibi yox, hüququn instrumentalizasiyası təsirini bağışlayır.

Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə, azadlıqdan məhrumetmə yalnız “əsaslı şübhə” mövcud olduqda və bu şübhə konkret faktlarla dəstəkləndikdə qanuni sayıla bilər; istintaq orqanının ümumi ehtimalları, abstrakt təhlükə iddiaları və ya ictimai rezonans arqumentləri bu tələbi əvəz edə bilməz. Bundan əlavə, həbs müddətinin uzadılması üçün hər dəfə “yeni və kifayət qədər əsaslandırılmış” səbəblər göstərilməli, istintaqın real irəliləyişi, zəruri istintaq hərəkətlərinin aparılması və onların məhz həbs şəraitində mümkün olması sübut edilməlidir. Lakin Vüqar Məmmədovun işində bu günə qədər hansı zəruri istintaq hərəkətlərinin aparıldığı, bu hərəkətlərin niyə onun azadlıqda olduğu şəraitdə aparılmasının mümkün olmadığı barədə nə ailəyə, nə müdafiə tərəfinə, nə də cəmiyyətə aydın və inandırıcı izah verilib.

Bütün bunların fonunda Ramiz Mehdiyev işi ilə süni assosiasiyanın saxlanılması hüquqi baxımdan izahsız, məntiq baxımından isə dağıdıcıdır. Bu assosiasiya nə ittihamın sübut bazasını gücləndirir, nə də istintaqın predmetini genişləndirir; əksinə, işi dumanlandırır, hüquqi fokusun yayındırılmasına xidmət edir və nəticə etibarilə təqsirsizlik prezumpsiyasını zədələyir. Cinayət təqibinin fəlsəfəsi bizə öyrədir ki, ədalət yalnız nəticə deyil, həm də yoldur; yol isə şəffaf, ardıcıl və məntiqi olmalıdır. Məntiqsiz yolun apardığı yer ədalət ola bilməz.

Bu müraciətlə Sizdən xahişim hüquqidir; Mən qardaşım üçün güzəşt istəmirəm, qanunun hamı üçün eyni işləməsini istəyirəm. Cinayət təqibi aparılacaqsa, bu, aidiyyəti orqanda, müvafiq maddənin hüquqi təbiətinə uyğun şəkildə, konkret faktlara əsaslanaraq və azadlıqdan məhrumetməni son çarə kimi görən yanaşma ilə aparılmalıdır. Əks halda, hər uzadılan həbs qərarı yalnız bir şəxsin deyil, haqqın və hüququn özünün də həbsdə saxlanılması təsiri yaradır.

Beləliklə, Sizdən xahiş edirəm: Qardaşım Vüqar Məmmədovun işi üzrə həbs müddətinin uzadılmasının əsaslarını, Ramiz Mehdiyev işi ilə iddia olunan əlaqənin hüquqi mahiyyətini, istintaqın aidiyyəti və səlahiyyət məsələlərini, habelə bu günə qədər aparılmış real istintaq hərəkətlərini obyektiv şəkildə qiymətləndirəsiniz və qanunsuz, əsassız azadlıqdan məhrumetməyə son qoyulması üçün qanunun verdiyi bütün səlahiyyətlərdən istifadə edərək eyni zamanda məni şəxsən qəbul edəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.org

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
12
hurriyyet.az

1Источники