RU

“Azərtütün” bu il şimal-qərb rayonlarında 800 hektaradək sahədə tütün əkməyi planlaşdırır

Zaqatala, 23 fevral, Mustafa Dadaşov, AZƏRTAC

“Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikanın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax, Şəki və Oğuz rayonlarında builki mövsüm üçün tütün əkininə hazırlıq işləri davam etdirilir. Tütün istehsalı ilə əlaqədar indiyədək cəmiyyət tərəfindən bu rayonlarda 31 fermerlə müqavilə bağlanılıb və hazırda proses davam edir.

Səhmdar cəmiyyətdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək fermerlərlə bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahə 356,8 hektar təşkil edir. Bundan əlavə, şirkətin özü tərəfindən də bu il şimal-qərb bölgəsində 421,5 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Artıq istixanalarda tütün şitillərinin yetişdirilməsinə də başlanılıb.

Xatırladaq ki, “Azərtütün” ASC ötənilki mövsümdə şimal-qərb bölgəsi rayonlarında 868,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkib. Bunun 446 hektarı şirkətə, 422,7 hektarı isə fermerlərə məxsus sahələr olub. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanıb. Mövsüm ərzində ASC-nin bölgədə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 14 min 365,6 ton yaş tütün daxil olub. Emal məntəqələrində yaş tütündən 2215 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 985 ton artıb.

Избранный
13
1
azertag.az

2Источники