RU

Elman Nəsirov: “İndi göründü ki, oxşar vəziyyətdə ABŞ Prezidentinin Təhlükəsizlik Xidməti necə davranır”

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahının təhlükəsiz ərazisinə silahlı şəxsin daxil olması atışma ilə nəticələnib. 

Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “təhdidin zərərsizləşdirilməsi” məqsədilə həmin şəxsə atəş açılıb. Hadisə ABŞ-də dövlət başçısını mühafizə protokollarının sərtliyini bir daha gündəmə gətirib. 

Bu hadisədən cəmi bir neçə gün əvvəl Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasında iştirak edən Prezident İlham Əliyevin qaldığı otelin yaxınlığında baş verən insident zamanı Azərbaycan Prezidentinin mühafizəçiləri təhlükəsizlik zolağını keçməyə cəhd göstərən aksiyaçıya qarşı fiziki güc tətbiq etmişdilər. 

Hər iki hadisə dövlət başçılarının təhlükəsizliyi kontekstində baş versə də, Azərbaycan Prezidentinin Mühafizə Xidmətinin daha loyal davranışı diqqəti çəkir. Amma buna baxmayaraq, bəzi ermənipərəst ABŞ konqresmenləri məsələyə peşəkar yox, öz maraqları baxmından yanaşma nümayiş etdiriblər.  

Vaşinqton Amerika ermənilərinin təşkilatı olan ANKA və Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən konqresmen Frenk Palloninin mövqeyi də təsadüfi deyil. 

Məlumdur ki, Prezident dövlət başçısı və dövlətin ali təmsilçisi olduğu üçün harada olmasından asılı olmayaraq, xüsusi qaydada qorunur. Bu qayda bütün dövlət başçılarına şamil olunur. Məhz buna görə prezidentlərin hərəkət marşrutları və qaldıqları məkanlarda ciddi təhlükəsizlik tədbirləri görülür, kütləvi tədbirlər zamanı isə bu tədbirlər daha da gücləndirilir. 

Bu baxımdan, prezidentin olduğu və ya keçəcəyi ərazilərdə təhlükəsizlik zolaqlarının yaradılması və həmin zonaya zorla daxil olmağa cəhd göstərən şəxslərə qanun çərçivəsində fiziki güc tətbiq edilməsi hüquqi və beynəlxalq təcrübəyə uyğun hesab olunur. 

“Cebheinfo.az”a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, dövlət başçılarının təhlükəsizliyi xüsusi əhəmiyyət kəsb edir və dövlət rəhbərinin həyatına real, silahlı təhdid yarandığı halda təhlükəsizlik qüvvələrinin ən sərt tədbirlərə əl atması qanunvericiliyə və beynəlxalq mühafizə protokollarına uyğun şəkildə qiymətləndirilir: 

“ABŞ Prezidenti Donald Trampa qarşı növbəti sui-qəsdə cəhdi edilib. Bu, daha əvvəl də baş verib və xüsusilə seçki kampaniyası dövründə baş vermiş insident zamanı onun bir xoş təsadüf nəticəsində xilas olması hər kəsə bəllidir. Son hadisə isə ABŞ Prezidentinin Florida ştatındakı Mar-a-Laqo iqamətgahında gecə saatlarında baş verib. Məlumata görə, iqamətgahın təhlükəsizlik zonasına silahlı şəxs daxil olub. 

Təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək həmin şəxsi zərərsizləşdiriblər və onu güllələyiblər. Bu da məntiqlidir. Hadisəyə hüquqi baxımdan yanaşdıqda, məhz belə olmalıdır. Bu, bir daha göstərir ki, xüsusilə dövlət başçılarının təhlükəsizlik məsələləri böyük məna və əhəmiyyət kəsb edir. Bu niyyətə düşən şəxslər bilməlidirlər ki, onlara qarşı qanun ən sərt dili ilə cavab veriləcək”. 

Deputat bu kontekstdə hadisəni fevralın 19-da Vaşinqtonda keçirilən “Sülh Şurası”nın ilk iclasından sonra İlham Əliyevin qaldığı otelə gələrkən onun kortejinə hücamla müqayisə edib: 

“Onlar da sui-qəsd cəhdində olublar. Belə olan vəziyyətdə hesab edirəm ki, Azərbaycan Prezidentyinin Təhlükəsizlik Xidməti və ABŞ polisinin atdığı addımlar tam qanunidir,  vəziyyətə adekvatdır. Onlar təbii ki, öz missiyalarını yerinə yetiriblər, başqa cür ola da bilməz. 

Azərbaycan Prezidentinə qarşı təxribat xarakterli davranış nümayiş etdirən şəxslər - “sapı özümüzdən olan baltalar”, erməni lobbi və diaspor dairələri tərəfindən yönləndirilərək əraziyə göndərilmiş şəxslərdir. Həmin şəxslər mühafizə zolağını keçməyə cəhd göstəriblər. 

Əgər onlar silahdan istifadə etsəydilər və ya silahlı olsaydılar, bu halda təhlükəsizlik qüvvələri vəziyyətə adekvat və qanunvericiliyə uyğun şəkildə müdaxilə edəcəkdi. Necə ki, ABŞ Prezidentinə münasibətdə təhlükəsizlik xidməti tərəfindən hansı davranış ortaya qoyulubsa, həmin təxribatçılar da adekvat davranışla üz-üzə qalacaqdılar. Bu aksiomdur və məhz belə də olmalıdır”. 

Elman Nəsirov vurğulayıb ki, ermənipərəst konqresmen və senatorlar analoji vəziyyətdə təhlükəsizlik xidmətinin necə davrandığını gördülər: 

“Həmin təxribatın iştirakçılarını dəstəkləyən şəxslərdən biri də ABŞ Konqresində uzun illərdir əyləşən və erməni maraqlarına xidmət edən, qondarma “Dağlıq Qarabağ” ərazisində dəfələrlə səfərdə olmuş Frank Pallonedur. 

Bu faktın özü göstərir ki, Azərbaycan Prezidentinin kortejinə qarşı hücum cəhdi məqsədyönlü və planlı şəkildə həyata keçirilib. Əvvəlcədən hazırlıq işlərinin görüldüyü və bu prosesin arxasında erməni lobbisinin Pallone kimi simaları dayaıb. Bu faktın özü çox mətləblərə aydınlıq gətirir. 

Ermənipərəst konqresmenlər və senatorlar bir daha görsünlər ki, anoloji vəziyyətdə ABŞ Prezidentin Təhlükəsizlik Xidməti hansı davranışı ortaya qoyur. Cinayətkar yerindəcə zərərsizləşdirilir, güllənir. Qoy özləri müqayisə etsinlər və bu reallıqları dəyərləndirib nəticə çıxarsınlar”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

Açar sözlər:

Elman Nəsirov Təhlükəsizlik Xidməti

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
1
cebheinfo.az

2Источники