Son aylar Türkiyə bazarında qızılın qiymətində müşahidə olunan kəskin artım istehlakçıların davranışında ciddi dəyişiklik yaradıb. Qızılın əlçatmaz səviyyəyə qalxması insanları daha münasib alternativlər axtarmağa vadar edib və nəticədə gümüşdən hazırlanan “Ajda” tipli qolbaqlara maraq rekord həddə çatıb. Zərgərlik mağazalarında bəzi modellər qısa müddətdə tükənir, satışlarda isə açıq şəkildə canlanma hiss olunur.
Hazırda bazarda qiymətlər arasındakı fərq xüsusilə diqqət çəkir. 10 qramlıq gümüş qolbaq təxminən 2 min lirə, yəni 77 manat civarındadır. Eyni çəkidə olan 22 əyarlı qızıl qolbaq isə 69 min lirədən, yəni təxminən 2676 manatdan başlayır. Bu fərq artıq sadə qiymət fərqi deyil, alıcı üçün real seçim dilemmasıdır. İnsanlar gündəlik istifadə və hədiyyə məqsədilə artıq qızıldansa gümüşü üstün tutmağa başlayıblar.
Alıcıların sözlərinə görə, müasir gümüş məmulatları vizual baxımdan qızıldan demək olar ki, seçilmir. Dizayn, parıltı və işçilik səviyyəsi baxımından fərq getdikcə azalır. Bir çoxları həm estetik görünüşü qorumaq, həm də büdcəni yormamaq üçün gümüşə üstünlük verdiklərini bildirir. Xüsusilə “Ajda” tipli qolbaqların klassik və eyni zamanda müasir görünüşü bu məhsulları daha cazibədar edir.
Zərgərlik sektoru nümayəndələri hesab edirlər ki, bu tendensiya qısamüddətli deyil. Qızılın qiyməti yüksək olaraq qaldığı müddətdə gümüşə maraq da davam edəcək. Hətta bəzi satıcıların fikrincə, gümüş məmulatları artıq təkcə alternativ yox, ayrıca bir bazar seqmentinə çevrilmək üzrədir.
Bu fonunda Azərbaycanda da bir çox insanı maraqlandıran əsas sual yaranır: “Ajda” tipli gümüş qolbaqlara yatırım etmək sərfəlidirmi və bu sahə gəlirli ola bilərmi?
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, gümüşə marağın artması qlobal tendensiyanın bir hissəsidir və bu, yalnız Türkiyə ilə məhdudlaşmır:
“Son illərdə qızılın qiyməti dünya bazarında davamlı yüksəlir. Bu isə orta gəlirli əhali üçün qızılı əlçatmaz edir. Nəticədə insanlar gümüş kimi alternativ metallara yönəlirlər. Azərbaycanda da bu tendensiya formalaşa bilər”.
Ekspert bildirir ki, gümüş məmulatlarına yatırım iki formada mümkündür: ya birbaşa metal kimi, ya da hazır zərgərlik məhsulu kimi. Hər iki variantın öz üstünlükləri və riskləri var.
Onun sözlərinə görə, xammal şəklində gümüş almaq daha az risklidir, çünki burada əsas faktor dünya bazar qiymətləridir:
Amma hazır məhsula yatırım edərkən dizayn, dəb və alıcı zövqü kimi amillər də işə qarışır. Gümüş bazarında əsas risk qiymət dalğalanmalarıdır.
Qızıl uzun illərdir təhlükəsiz yatırım aləti kimi qəbul olunur. Gümüş isə daha dəyişkəndir. Qiymətlər sürətlə qalxa da bilər, enə də bilər. Bu səbəbdən qısamüddətli spekulyativ məqsədlərlə yatırım etmək risklidir.
Digər mühüm risk isə bazarın doyma ehtimalıdır. Hazırda gümüşə maraq yüksəkdir, lakin bazara çoxlu satıcı daxil olduqda qiymətlər düşə və qazanc marjası azala bilər. Xüsusilə Azərbaycanda bu sahəyə plansız və kütləvi giriş gələcəkdə zərərə səbəb ola bilər.
Bundan əlavə, keyfiyyət məsələsi də risk faktorudur. Bazarda ucuz və keyfiyyətsiz gümüş məmulatlarının artması istehlakçı etimadını zəiflədə bilər. Əgər investor bu sahəyə daxil olursa, sertifikatlaşdırılmış məhsullarla işləməli, metalın saflığına və istehsal keyfiyyətinə xüsusi diqqət yetirməlidir”.
Tunar
NOCOMMENT.az