Bakı, 23 fevral, Nailə Həsənova, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunda dövlət dilinin qorunması və normativ qaydalara riayət olunması istiqamətində monitorinq və maarifləndirmə işləri sistemli şəkildə davam etdirilir.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Azərbaycan dili ilə bağlı qarşıya qoyduğu vəzifələr dərhal icra mərhələsinə keçirilib. “Prezidentin həmin çıxışından sonra AMEA Rəyasət Heyətində geniş müzakirələr aparıldı və Dilçilik İnstitutunun qarşısında konkret tapşırıqlar müəyyənləşdirildi. Bizim şöbə bu tapşırıqlar çərçivəsində monitorinqləri mütəmadi şəkildə həyata keçirir”, – deyə professor qeyd edib.
Sevinc Əliyeva deyib ki, ötən il əsas diqqət internet saytlarında dil normalarının monitorinqinə yönəldilib və əldə olunan nəticələr aidiyyəti qurumlara təqdim olunub. Cari ildə isə monitorinqlər televiziya məkanını əhatə edir: “Hazırda Azərbaycan Televiziyası, İctimai Televiziya da daxil olmaqla bütün telekanallarda aparıcıların nitqi izlənilir, yol verilən dil qüsurları aşkarlanır və onların düzgün variantları hazırlanır. Xüsusilə orfoepik normaların pozulması, cümlə quruluşunun dilin təbiətinə uyğun olmaması kimi hallara diqqət yetiririk”.
Professor qeyd edib ki, bəzi dil qüsurları artıq gündəlik vərdişə çevrilsə də, dilin strukturuna zidd olan hallar daha ciddi təhlükə yaradır. “Bu məsələlərlə bağlı həm elmi tədqiqatlarımızda mövqeyimizi bildiririk, həm də televiziya və mediada maarifləndirici çıxışlar edirik. Media nümayəndələrinin bizə ünvanladığı sualları cavablandırırıq”, – deyə Sevinc Əliyeva bildirib.
O, xüsusilə vurğulayıb ki, son dövrlər aparıcıların və sayt nümayəndələrinin dil məsələlərinə daha məsuliyyətlə yanaşması sevindiricidir: “Hər hansı sözün yazılışı və ya tələffüzü ilə bağlı problem yarananda dərhal müraciət edirlər. Bu, peşə məsuliyyətinin göstəricisidir. Hesab edirik ki, aparıcı və jurnalist verilişə və ya materiala başlamazdan əvvəl mütləq dil axtarışında olmalıdır”.
Sevinc Əliyeva bildirib ki, monitorinqlərin nəticəsi olaraq bəzi sahələrdə dil qüsurlarının azaldığı müşahidə olunur. Bununla yanaşı, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi məqsədilə media nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır. “Aşkarlanan dil faktlarını birgə müzakirə etməklə həmin səhvlərin aradan qaldırılmasına nail ola bilərik. Bu həm saytlar, həm də televiziya aparıcıları üçün faydalı olacaq”, – deyə o qeyd edib.
Professor onu da diqqətə çatdırıb ki, Prezidentin çıxışından sonra Azərbaycan Televiziyasının təşəbbüsü ilə dil üzrə təlimlərə başlanılıb və Dilçilik İnstitutunun mütəxəssisləri də bu prosesə cəlb olunacaqlar: “Arzumuz odur ki, bu təlimlər praktik xarakter daşısın, konkret nitq və dil faktları üzərində işlənilsin. Bu, gələcəkdə orfoepiya və orfoqrafiya lüğətlərinə də yeni təkliflərin daxil edilməsinə imkan yarada bilər”. .
O bildirib ki, Azərbaycan dili canlı orqanizmdir və qloballaşma şəraitində müxtəlif təsirlərə məruz qalır. “Biz bu prosesdə son dərəcə mühafizəkar olmalıyıq. Dilimiz tarix boyu imperiya dillərinin təsirinə boyun əyməyib və qorunub. Bu gün də ədəbi dilimizi müəyyən olunmuş qaydalar çərçivəsində qorumaq hər birimizin borcudur”, – deyə professor əlavə edib.
Sevinc Əliyevanın sözlərinə görə, xüsusilə yazı dilinə ciddi yanaşmaq vacibdir: “Dil tarixən yazı nümunələri vasitəsilə yaşadılıb. Ona görə də yazımızın düzgünlüyü və məsuliyyətli yanaşma gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıyır”.