RU

Dünya bazarında neftin bahalaşması Azərbaycanın iqtisadi mövqeyini daha da möhkəmləndirir ŞƏRH

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 fevral, AZƏRTAC

Qlobal enerji bazarlarında müşahidə olunan qiymət artımı Azərbaycan üçün əlverişli iqtisadi mühit formalaşdırır. Enerji resurslarının ixracatçısı kimi Azərbaycan üçün neftin bahalaşması təkcə cari gəlirlərin artması deyil, həm də makroiqtisadi sabitliyin möhkəmlənməsi, maliyyə dayanıqlılığının güclənməsi və strateji iqtisadi planların daha sürətlə reallaşdırılması deməkdir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert Samir Heydərov bildirib.

Onun sözlərinə görə, hazırkı mərhələdə dünya bazarlarında qiymətlərin yüksəlməsi dövlət büdcəsinin gəlir hissəsinə birbaşa müsbət təsir göstərir.

“Neft sektorundan daxilolmaların artması sosialyönümlü xərclərin, infrastruktur layihələrinin, regionların sosial-iqtisadi inkişaf proqramlarının və bərpa-quruculuq proseslərinin maliyyələşdirilməsini genişləndirir. Bu isə öz növbəsində məşğulluğun artmasına, sahibkarlıq mühitinin fəallaşmasına və daxili tələbin güclənməsinə stimul verir. Neft gəlirlərinin artması ölkənin fiskal dayanıqlığını əhəmiyyətli dərəcədə gücləndirir. Bu baxımdan əsas mexanizmlərdən biri Azərbaycan Dövlət Neft Fondudur. Fond vasitəsilə toplanan vəsaitlər dövlət büdcəsinə transfert edilməklə yanaşı, strateji valyuta ehtiyatlarının artırılmasına və uzunmüddətli maliyyə təhlükəsizliyinin təmininə xidmət edir. Neftin bahalaşması Fondun aktivlərinin artımına səbəb olmaqla ölkənin xarici iqtisadi təzyiqlərə və qlobal şoklara qarşı müqavimətini daha da yüksəldir. Eyni zamanda, enerji ixracından əldə olunan əlavə valyuta daxilolmaları tədiyə balansının profisitlə formalaşmasına imkan yaradır. Bu amil milli valyutanın sabitliyini dəstəkləyir, inflyasiya təzyiqlərini azaldır və maliyyə bazarlarında inamı möhkəmləndirir. Valyuta ehtiyatlarının artması ölkənin kredit reytinqlərinə müsbət təsir göstərməklə beynəlxalq maliyyə institutları və investorlar üçün etibarlı tərəfdaş imicini gücləndirir”, - deyə ekspert əlavə edib.

S.Heydərov bildirib ki, neft qiymətlərinin yüksəlməsi ÜDM-in nominal artımını sürətləndirir və dövlətin kapital qoyuluşu imkanlarını genişləndirir. Onun sözlərinə görə, xüsusilə sənayeləşmə, nəqliyyat-logistika infrastrukturu, rəqəmsal transformasiya və yaşıl enerji layihələrinə yönəldilən investisiyalar uzunmüddətli iqtisadi şaxələndirmə strategiyasının icrasına əlavə impuls verir: “Bu kontekstdə Azərbaycanın Avropa və Asiya arasında enerji və nəqliyyat qovşağı kimi mövqeyi daha da möhkəmlənir. Analitik yanaşmalar göstərir ki, yüksək neft qiymətləri Azərbaycanın geoiqtisadi rolunu da gücləndirir. Enerji təhlükəsizliyi məsələlərinin aktuallaşdığı bir dövrdə ölkəmizin etibarlı enerji təchizatçısı kimi mövqeyi möhkəmlənir, bu isə siyasi və iqtisadi əməkdaşlıq imkanlarını genişləndirir. Enerji layihələrindən əldə olunan əlavə gəlirlər isə regional və beynəlxalq təşəbbüslərin reallaşdırılmasına maliyyə baxımından dəstək verir. Bu isə qlobal bazarlarda mümkün qiymət dalğalanmaları zamanı iqtisadi sabitliyin qorunmasında mühüm rol oynayır. Beləliklə, dünya bazarlarında neftin bahalaşması Azərbaycan üçün yalnız qısamüddətli gəlir artımı deyil, həm də uzunmüddətli inkişaf strategiyasının maliyyə əsaslarının möhkəmlənməsi deməkdir. Mövcud şərait ölkənin iqtisadi dayanıqlığını artırır, investisiya imkanlarını genişləndirir və regional lider mövqeyini daha da gücləndirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники