Bakı, 23 fevral, AZƏRTAC
Bu gün qiymətləndirmə meyarları tamamilə fərqli olmalıdır. Müəllimin şagirdə təzyiq göstərmək üçün əvvəlki kimi bir mexanizmi yoxdur. Müəyyən mənada tənbeh və ya hansısa təsiri olmalıdır ki, müəllimin nüfuzu şagirdin yanında bir az yüksək dursun. Amma bu gün müəllimin əlindən, demək olar ki, bütün bu alətlər alınıb. Qiymətləndirmə alətləri də elə qurulub ki, zamanla sanki müəllimin təsir imkanları zəiflədilib. Çalışmaq lazımdır ki, müəllimə müəyyən təsir imkanları yenidən qaytarılsın.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Məzahir Məmmədli deyib. O bildirib ki, şagird davranış qaydalarının tətbiqi və müəllim etik davranış qaydaları ilə bağlı təlimatlar təhsilverənlərin şagirdlər üzərində təsirlərini xeyli məhdudlaşdırıb: “Müəllimlər artıq daha dar bir çərçivədə fəaliyyət göstərmək məcburiyyətində qalırlar. Məsələn, əvvəllər ənənəvi təhsil sistemində davranışa görə qiymətləndirmə mövcud idi. Şagirdin ümumi qiymətləndirilməsi zamanı onun davranış göstəriciləri də nəzərə alınır, buna əsasən xarakteristika və ümumi rəy formalaşdırılırdı. Təəssüf ki, bu gün qəbul etdiyimiz kurikulum sistemi və müasir təhsil yanaşması müəllimlərə əvvəlki kimi, yəni ənənəvi sistemdə olduğu kimi, müəyyən tənbeh formalarını seçmək imkanı vermir. Heç olmasa şagirdin qiymətləndirilməsi prosesində müəllimin mövqeyi və rəyi daha ciddi nəzərə alınmalıdır. Məsələn, əgər şagird müəllimə qarşı kobud davranıbsa, müəllimə onun etik davranış çərçivəsində gələcək fəaliyyəti ilə bağlı rəy bildirmək imkanı verilməlidir. Bu halda şagirdlər də müəyyən mənada müəllim qarşısında məsuliyyət hiss edər və davranışlarına daha diqqətli yanaşarlar. Şagird düşünəcək ki, müəllimə qarşı kobud davranışım və ya dərs mühitini pozmağım mənim perspektivimə, attestat almağıma və digər imkanlarıma təsir edə bilər. Bu halda şagird müəllimə qarşı müəyyən qədər ehtiyatlı olar, davranışlarına daha ciddi yanaşar”.
Məzahir Məmmədli şagirdin həm davranış baxımından, həm də tədrisdəki qiymətləndirmə baxımından zəif nəticələr göstərsə belə, yenə də attestat almaq imkanı qazandığını vurğulayıb: “Bəzən belə hallar olur ki, şagird müəllimə etimadsız yanaşır, dərsə davamiyyətində zəiflik göstərir, amma digər tərəfdən repetitor yanına getməklə müəyyən mərhələyə çatır və nəticədə attestatını alır. Biz məktəbdə məsuliyyətsiz davranış nümayiş etdirən belə şagirdlərin bu davranışlarının nəticələrini ali təhsil müəssisələrində və ya əmək bazarında da müşahidə edirik. Ona görə də qiymətləndirmə meyarları elə qurulmalıdır ki, şagird həm davranışına görə məsuliyyət hiss etsin, həm də müəllimin onun üzərində müəyyən nüfuzu formalaşsın. Əgər biz cəmiyyətdə müəllim nüfuzundan danışırıqsa, bu nüfuzu qoruyan əsas mexanizmlərdən biri də məhz şagirdlərin qiymətləndirilməsidir. Şagird bilməlidir ki, qiymətləndirmə real nəticələr doğurur və lazım olan tələbləri yerinə yetirməsə, attestat ala bilməyəcək. Bu halda o, həm nümunəvi davranmağa, həm də dərslərində daha çalışqan olmağa çalışacaq ki, attestatı əldə edə bilsin”.