İzmirdə dəhşətli cinayət: Müdafiə tələbi rədd edilən qadın keçmiş sevgilisi tərəfindən qətlə yetirilib
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türkiyənin İzmir şəhərində yanvarın 19-da keçmiş sevgilisi Lokman Etken tərəfindən güllələnərək öldürülən Gözde Akbaba ilə bağlı sarsıdıcı təfərrüatlar üzə çıxıb.
Məlum olub ki, gənc qadın hadisədən cəmi 17 gün əvvəl prokurorluğa müraciət edərək rəsmi müdafiə təmin olunmasını tələb edib. Lakin onun bu tələbi rədd edilib və barəsində yalnız yaxınlaşma qadağası qərarı çıxarılıb.
İstintaq materiallarına görə, cinayəti törədən Lokman Etken yaxınlaşma qadağasını dəfələrlə pozub.
O, Gözdeni mütəmadi olaraq təqib edərək “Nə jandarma, nə də prokuror mənə heç nə edə bilməz” deyə bildirib.
Cinayətkar qadının qapısına üzərində təhqir və hədə-qorxu yazılmış salfetlər qoyurmuş. Onun sonuncu hədəsi isə “Səni tapança ilə ayağından vurub çarpayıya zəncirləyəcəyəm” olub.
Təəssüf ki, qadının dövlət qurumlarına müraciət etməsinə baxmayaraq, lazımi qorunma tədbirləri görülməyib və hadisə faciə ilə nəticələnib.
Xuraman Etibarlı
İnterpress.az