ABŞ İranla gərginliyin artması səbəbindən bəzi diplomatlardan Livanı tərk etmələrini istəyib
ABŞ Dövlət Departamentinin İranla gərginliyin artması səbəbindən "vacib olmayan diplomatlara və onların ailə üzvlərinə" Livanı tərk etmələri əmri verdiyi bildirilir. ABŞ Dövlət Departamentinin rəsmisi Associated Press (AP) agentliyinə verdiyi açıqlamada bildirib ki, İranla gərginliyin artması səbəbindən "vacib olmayan diplomatlardan və onların ailə üzvlərindən" Livanı tərk etmələri istənilib.Rəsmi şəxs qeyd edib ki, Livandakı sözügedən personal müvəqqəti olaraq ölkəni tərk edəcək.
Anonimlik şərti ilə danışan ABŞ Dövlət Departamentinin başqa bir rəsmisi bildirib ki, dövlət katibi Marko Rubio bu həftə sonu İsrailə planlaşdırılan səfərlərini təxirə sala bilər. Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə danışıqlarının üçüncü raundunun 26 fevralda İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi elan edildi.
Tərəflər dolayı danışıqlar üçün 6 fevralda Omanda görüşmüş və əlaqələri davam etdirmək barədə razılığa gəlmişdilər. Daha sonra danışıqlar 17 fevralda Cenevrədə davam etdirildi.
Müzakirələr xüsusilə İranın uran zənginləşdirmə dərəcəsi və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatının vəziyyəti ilə bağlı idi.