Turun ən dinamik qarşılaşması “Sumqayıt” - “Qəbələ” matçı oldu”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis Misli Premyer Liqasının XXI turunda keçirilən oyunlarla bağlı fikirlərini bölüşüb:
“Turan Tovuz”- “Zirə” matçı maraqlı keçdi. Bu komandalar həm bir-birinə yaxın pillələrdə qərarlaşmışdı, həm də avrokubok zonası uğrunda mübarizə aparırlar. Bu görüşü altı xallıq oyun kimi dəyərləndirmək olar. İki fərqli hissə izlədik. İlk hissədə Turan Tovuz çox yaxşı oyun nümayiş etdirərək rəqibi təzyiq altında saxladı və iki qol vurdu. İkinci hissədə isə baş məşqçi **Rəşad Sadıqov**un etdiyi dəyişikliklərdən sonra Zirə üstünlüyü ələ aldı. Lakin Turan Tovuz nizam-intizamlı komandadır və onlara qarşı geridönüş etmək çətindir. Beləliklə, Turan Tovuz vacib üç xalı qazanaraq mövqeyini möhkəmləndirdi.
Karvan Yevlax – Araz-Naxçıvan matçında isə iki fərqli məqsəd uğrunda mübarizə aparan komandalar gördük. Karvan Premyer Liqada qalmaq üçün xal toplamağa çalışır, Araz-Naxçıvan isə avrokuboklara vəsiqə qazanmaq niyyətindədir. Karvanın ümumi oyun üslubu hiss olunur, məşqçi işi görünür. Lakin oyunçu keyfiyyətinin aşağı olması istənilən nəticəni əldə etməyə mane olur. Komanda bu oyuna da yaxşı başladı və müəyyən qol fürsətləri yaratsa da, onları dəyərləndirə bilmədi. Araz-Naxçıvan isə daha təcrübəli və keyfiyyətli futbolçuların hesabına qollar vuraraq qalib gəldi.
Demək olar ki, Karvanın işi daha da çətinləşdi. Böyük ehtimalla mövsümün sonunda Premyer Liqanı tərk edəcək.
İmişli FK – Şamaxı FK oyununda isə bərabər səviyyəli komandalar üz-üzə gəldi. Hər iki tərəfdə mübarizəni sevən, nizam-intizamlı məşqçilərin tapşırıqlarını yerinə yetirən futbolçular var. Matç əsasən meydanın mərkəzində keçdi. Meydançanın vəziyyətini də nəzərə alsaq, yüksək keyfiyyətli oyun gözləmək çətin idi. Sonda heç-heçə ədalətli nəticə oldu və komandalar hərəyə bir xal qazandı.
Sabah FK – Kəpəz PFK qarşılaşmasında Sabah ardıcıl qələbələrini davam etdirdi. Komandanın artıq oturuşmuş oyunu var və dominant futbol sərgiləyir. Rəqiblər Sabaha qarşı daha kompakt oynamağa üstünlük verirlər. Kəpəz də oyunu əks-hücumlar üzərində qurmuşdu. Sabah nə qədər üstün olsa da, yaratdığı fürsətlərdən uzun müddət istifadə edə bilmədi. Lakin ikinci hissənin sonlarına yaxın vurulan qol qələbəni təmin etdi. Üstünlük Sabahın tərəfində idi və komanda layiqli üç xal qazandı.
Sumqayıt FK – Qəbələ FK oyununda da maraqlı mübarizə izlədik. Bu qarşılaşma turun ən dinamik və sürətli oyunu idi. Hər iki komanda açıq futbola üstünlük verirdi. Qəbələ ikinci dövrəyə çox yaxşı başlayıb və bu oyunda da müəyyən üstünlüyə malik idi. Lakin qol fürsətlərini, hətta penaltini belə dəyərləndirə bilmədilər. Nəticədə komandalar hərəyə bir xal qazandı. Bu nəticə Sumqayıt üçün xal itkisi sayılsa da, Qəbələ təhlükəli zonadan bir qədər də uzaqlaşmış oldu”.