RU

ABŞ Karib dənizində daha bir gəmini vurub

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı əməliyyat zamanı narkotik dövriyyəsində iştirak etdiyi iddia olunan gəmini hədəfə alıb...

Poliqon xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Karib dənizində terrorçu kimi tanınmış təşkilatların istismar etdiyi ehtimal olunan gəmiyə zərbə endirildiyini açıqlayıb. Məlumata görə, əməliyyat fevralın 23-ü axşam saatlarında həyata keçirilib.

Komandanlığın yaydığı rəsmi açıqlamada bildirilib ki, hədəfə alınan gəmi Karib hövzəsində “məlum narkotik daşınması marşrutları” üzrə hərəkət edib və narkotik ticarəti əməliyyatlarında iştirak edib. Zərbə nəticəsində üç nəfərin öldürüldüyü qeyd olunub. Onlar rəsmi açıqlamada “narkotik terrorçular” kimi təqdim edilib. ABŞ hərbçiləri arasında itki və ya xəsarət alan olmadığı vurğulanıb.

Qeyd edək ki, ABŞ 2025-ci ilin noyabr ayından etibarən narkokartellərə qarşı Cənub Nizə adlı genişmiqyaslı əməliyyat həyata keçirir. Bu əməliyyat çərçivəsində ABŞ hərbi qüvvələri Karib dənizində və Sakit okeanın şərq hissəsində mütəmadi olaraq şübhəli gəmilərə qarşı zərbələr endirir. Fevral ayı ərzində də bir neçə oxşar əməliyyatın icra olunduğu bildirilib.

Rəsmi məlumatlara əsasən, indiyədək keçirilən hücumlar nəticəsində 100-dən çox şəxs həlak olub. ABŞ tərəfindən hədəfə alınan gəmilərdən birində ölənlərin ailə üzvləri isə məhkəməyə müraciət edərək rəsmi qurumlara qarşı iddia qaldırıblar. Məhkəmə prosesinin detalları və iddiaların məzmunu barədə əlavə məlumat verilməyib.

Müşahidəçilər bildirirlər ki, bölgədə narkotik qaçaqmalçılığına qarşı sərt tədbirlərin gücləndirilməsi regional təhlükəsizlik mühitinə birbaşa təsir göstərir və bu əməliyyatlar beynəlxalq hüquq və humanitar məsələlər baxımından da müzakirələr doğurur.

Poliqon.info

Избранный
16
poliqon.info

1Источники