RU

Yeniyetmələrin 20 faizi Instagram-da arzuolunmaz seksual məzmun görüb

Meta-ya təqdim edilən sorğu nəticələri məhkəmə sənədlərində açıqlanıb...

Poliqon xəbər verir ki, 13–15 yaş aralığında olan istifadəçilərin təxminən hər beş nəfərindən biri Meta şirkətinə məxsus Instagram platformasında baxmaq istəmədikləri “çılpaq və ya seksual xarakterli görüntülər”lə qarşılaşdıqlarını bildirib. Bu barədə Reuters məlumat yayıb.

Sənəd Kaliforniyada qaldırılmış federal iddia çərçivəsində ictimaiyyətə açıqlanıb və Instagram rəhbəri Adam Mosserinin 2025-ci ilin mart ayında verdiyi ifadədən sitatları əhatə edir.

Mosseri qeyd edib ki, şirkət adətən daxili sorğuların nəticələrini ictimaiyyətə açıqlamır və özünüqiymətləndirməyə əsaslanan araşdırmaların “problemli” ola biləcəyini vurğulayıb. Meta-nın nümayəndəsi Endi Stoun bildirib ki, sözügedən sorğu 2021-ci ildə keçirilib və statistika istifadəçilərin şəxsi təcrübələrinə əsaslanır, paylaşımların birbaşa yoxlanmasına deyil.

Məlumata görə, 13–15 yaş qrupunda olan istifadəçilərin təxminən 8 faizi həmçinin Instagram-da kiminsə özünə xəsarət yetirdiyini və ya buna cəhdlə hədələdiyini gördüyünü bildirib.

Meta şirkəti, həmçinin Facebook platformasının sahibidir və son illərdə dünya liderləri və ictimai qurumlar tərəfindən məhsullarının gənc istifadəçilərə zərər vurması ilə bağlı ittihamlarla üzləşir. ABŞ-də minlərlə iddia ərizəsində şirkət azyaşlılar arasında asılılıq yaradan məhsullar hazırlamaqda və psixi sağlamlıq böhranını dərinləşdirməkdə günahlandırılır.

2025-ci ilin sonunda Meta yeniyetmələr üçün yeni qaydalar elan edib. Qaydalara əsasən, tibbi və tədris məqsədli materiallar istisna olmaqla, çılpaqlıq və açıq seksual fəaliyyət təsvir edən görüntü və videolar, o cümlədən süni intellekt vasitəsilə yaradılmış materiallar platformadan silinməlidir.

Mosseri bildirib ki, seksual xarakterli məzmunun böyük hissəsi istifadəçilər arasında şəxsi mesajlaşma yolu ilə paylaşılır. Onun sözlərinə görə, şirkət belə halları araşdırarkən istifadəçilərin məxfilik hüququnu da nəzərə almalıdır. “Bir çox insan mesajlarının oxunmasını istəmir”, deyə o vurğulayıb.

Şirkət nümayəndəsi isə Meta-nın görülən işlərlə fəxr etdiyini və təhlükəsizlik mexanizmlərini davamlı şəkildə təkmilləşdirdiyini bildirib.

Poliqon.info

Избранный
17
poliqon.info

1Источники