RU

"Məhkəmə uşağın gələcəyini əsas tutur" - VƏKİL DANIŞDI

Uşağın qəyyumluğu ilə bağlı məhkəmə çəkişmələri cəmiyyətin ən həssas və məsuliyyətli hüquqi proseslərindən biridir. Boşanma və ya valideynlərin ayrı yaşaması hallarında əsas sual budur: uşaq kiminlə qalmalıdır? Bu məsələdə nə valideynlərin şəxsi istəyi, nə də maddi imkanların təkbaşına üstünlüyü həlledici olur. Məhkəmələr qərar verərkən ilk növbədə “uşağın ali mənafeyi” prinsipini rəhbər tutur.

Azərbaycan qanunvericiliyinə əsasən, qəyyumluq və himayə məsələləri ailə hüququ normaları çərçivəsində tənzimlənir və hər bir iş fərdi qaydada araşdırılır. Hakimlər valideynlərin mənəvi keyfiyyətlərini, uşağa bağlılığını, onun fiziki və psixoloji inkişafı üçün yaradılan şəraiti, sosial mühiti, eləcə də uşağın öz rəyini (yaş həddi nəzərə alınmaqla) qiymətləndirirlər.
Son illər ailə mübahisələrinin artması fonunda qəyyumluq məsələləri daha çox ictimai diqqət mərkəzinə düşüb.

Psixoloqlar və hüquqşünaslar bildirirlər ki, yanlış qərar uşağın gələcək həyatına birbaşa təsir göstərə bilər. Bəs konkret olaraq məhkəmə hansı meyarlara baxır və qərar necə formalaşır?

SİA mövzu ilə bağlı vəkil Amid Əsgərovun fikirlərini öyrənib.

Vəkil Amid Əsgərov bildirib ki, nikah pozulan zaman uşağın atada yoxsa anada qalması ilə bağlı mübahisə həll edilərkən ilk növbədə məhkəmələr uşağın yaşını, fikrini, valideynlərdən hər birinə olan bağlılığı, qardaş və bacılarına bağlılığı, onlar arasındakı münasibətləri, valideynlərin mənəvi və şəxsi keyfiyyətlərini, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanını, valideynlərin peşəsini, iş rejimini, onların maddi və ailə vəziyyətini, səhhətini və s. nəzərə alır:

“Qeyd etmək lazımdır ki, valideynlərdən birinin maddi-məişət şəraitinin digərinə nisbətdə üstün olması uşağın həmin valideynin yanında qalması üçün həlledici əsas deyildir.
Qanunvericiliyə əsasən maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Məhkəmə həmçinin qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.
Hər bir halda uşağın atada yoxsa anada qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmalıdır”.

Müəllif: Günel Fərzəliyeva
Избранный
10
1
sia.az

2Источники