RU

BMT İnsan Haqları Şurasının yaradılmasından 20 ili keçir

AzVision.az xəbər verir ki, Qəzza sektoru, Myanma, Ukrayna, Sudan və digər regionlardakı münaqişələrlə bağlı geosiyasi qeyri-müəyyənliyi xatırladan BMT-nin Baş katibi Antonio Quterreş Şuranı insan hüquqlarını müdafiə etməyə çağırıb. O, müasir dövrdə insan hüquqlarının bütün dünyada təhdid altında olduğunu vurğulayıb.

Ukraynadan danışan BMT rəhbəri xatırladıb ki, fevralın 24-də Rusiyanın genişmiqyaslı müdaxiləsinin başlanmasının dörd ili başa çatır və nəticədə 15 mindən çox mülki şəxs həlak olub.

“Qan tökülməsinə çoxdan son qoymağın vaxtıdır”,– Quterreş deyib.

Baş katib xəbərdarlıq edib ki,“hüquqları boğmaq, bərabərsizliyi dərinləşdirmək və marjinallaşdırılmış qrupları ayrı-seçkiliyin yeni formalarına məruz qoymaq üçün”hətta texnologiyalardan, ilk növbədə süni intellektdən getdikcə daha çox istifadə olunur.

“İnsan hüquqları nə Qərbdir, nə Şərq, nə Şimal, nə də Cənub. Bu, nə dəbdəbə, nə də alış-veriş predmetidir. Bu, daha sülhsevər və təhlükəsiz dünyanın təməlidir. Dövlətlər isə BMT Nizamnaməsi və beynəlxalq hüquq çərçivəsində götürdükləri öhdəliklərlə bağlıdır”,– qurumun baş katibi vurğulayıb.

Folker Türk:“Hökmranlıq uğrunda mübarizə güclənib”
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk atəşkəs və ya sülhə dair istənilən razılaşmada insan hüquqları və ədalətin əsas element kimi nəzərə alınmasına çağırıb. O bildirib ki, bəzi hökumətlərin çoxtərəfli sistemi zəiflətdiyi bir şəraitdə beynəlxalq hüquq pozuntularına“kimin günahkar olmasından asılı olmayaraq”dəqiq və birmənalı qiymət verilməlidir.

Ali komissar dövlətləri, biznes qurumlarını, şəhərləri, xeyriyyəçiləri, alimləri, incəsənət xadimlərini, gəncləri və vətəndaş cəmiyyətini birləşdirəcək Qlobal İnsan Haqları Alyansının yaradılacağını da açıqlayıb.

BMT Baş Assambleyasının sədri Annalena Berbok, öz növbəsində, deyib ki, susmaq adlı seçimin mənfi nəticələri var.

“Tarix göstərir ki, böyük sistemlər adətən bir anda, dramatik şəkildə dağılmır Onlar tədricən zəifləyir, onları qorumağa borclu olanlar isə susmağa üstünlük verirlər. Nəticədə bir vaxtlar əbədi görünənlər sadəcə yox olur. Biz həmişə yadda saxlamalıyıq ki, insan hüquqlarının ən ağır pozuntuları qarşısında susmaq heç vaxt nəticə vermir. Hazırda biz təkcə qadın hüquqları sahəsində deyil, ümumilikdə insan hüquqları və sarsılmaz hesab olunan digər norma və standartlar sahəsində də ciddi geriləmə müşahidə edirik. Bu qayda və prinsiplər indi açıq şəkildə şübhə altına alınır, rədd olunur və ya pozulur”, - Annalena Berbok söyləyib.

Baş Assambleyanın sədri, həmçinin bildirib ki, ukraynalı uşaqların oğurlanmasının hərbi cinayət kimi tanınması İnsan Hüquqları Şurasına üzv olan hər bir dövlətin borcudur.

Xatırladaq ki, sözügedən tədbirin açılış mərasimində BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk II Dünya Müharibəsindən bəri qlobal miqyasda güc və resurslar uğrunda ən gərgin mübarizənin getdiyini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az

Избранный
1
3
azvision.az

4Источники