RU

Kürdəmirdə qumar oynayan iki nəfər məsuliyyətə cəlb edildi

BAKI, 24 fevral. TELEQRAF

Kürdəmir rayonunda qumar oyununa görə iki nəfər inzibati məsuliyyətə cəlb olunub.

Teleqraf-ın xəbərinə görə, Kürdəmir rayon sakinləri – 1978-ci il təvəllüdlü Pərviz Cümşüdov və 1991-ci il təvəllüdlü İlqar Babayev rayonun Ərəbxana kəndində yerləşən çayxanada qumar oyunları oynayıblar.

Hər iki şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə inzibati ittiham elan edilib.

Babayev izahatında göstərib ki, kafedə olan şəxslərlə bir manatdan qumar oynayıblar.

Həmçinin bildirib ki, içkili vəziyyətdə olduğu üçün masaya pulun kim tərəfindən qoyulduğunu xatırlamır. O, törətdiyi əməldən peşman olduğunu deyib.

Digər təqsirli bilinən Cümşüdov deyib ki, həmin gün yalnız domino oyunu oynayb və qumar oyununda iştirak etməyib. Onun sözlərinə əsasən, qumar oynayan şəxslər 4–5 nəfər olub və onlar ayrı bir masada əyləşiblər: “İçkili vəziyyətdə olduğum üçün qumar oynayan şəxslərin kimliyini dəqiq xatırlamamışam. Özümü də təqsirli bilmirəm”.

Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə barələrində inzibati protokol tərtib olunan hər iki şəxs 3 min manat cərimə edilib.

Qərara əsasən, oyun ləvazımatı içərisində 70 ədəd kart olan 1 ədəd kart kolodası, habelə qumara qoyulmuş 42 manat pul müsadirə edilib.

Избранный
16
teleqraf.com

1Источники