RU

Uşaqlarda aqressiya: Cizgi filmləri təhlükə yaradır? – Psixoloqdan xəbərdarlıq

Son illərdə cizgi filmlərində tez-tez aqressiv davranış səhnələrinin artmasını müşahidə edirik. Bu hal valideynləri narahat edir. Uşaqlar bu davranışları izləyərək gündəlik həyatda təqlid edə bilirlər. Araşdırmalar göstərir ki, erkən yaşda sosial media ilə qarşılıqlı təsir uşaqların sosial və emosional inkişafına təsir edir. 

Mövzu ilə Missiya.Az-a danışan klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, müasir cizgi filmlər uşaqlarda aqressiyanı bəzən artırır:

"Hamısı yox. Amma aqressiyanı qidalandıran məzmun kifayət qədərdir və bunun fəsadını illər sonra daha aydın görəcəyik. Valideynin əsas işi yaşa uyğunluğu ciddi yoxlamaqdır. Uşaq nə izləyirsə, valideyn bilməlidir. Reytinqə kor-koranə inanmaq olmaz. Məzmun əvvəlcədən gözdən keçirilməlidir. Uşağın beyninə nə daxil olur, bunun məsuliyyəti evdə başlayır. Uşaq nəsə görüb sual verirsə, cavabsız qalmasın. Hər səhnə uşağın başında iz buraxır. Ona görə izah edilməlidir. Doğru ilə yanlışı ayırmaq uşağın işi deyil. Bu, böyüyün işidir",- o qeyd edib.

Psixoloq vurğulayıb ki, bəzi cizgi filmlər zorakılığı adi və gülməli göstərir:

"Bu, təhlükəlidir. Uşaq buna öyrəşəndə, empatiya zəifləyir. Həssaslıq azalır. Davranış kobudlaşır. Uşaq hansısa cizgi filmindən sonra aqressivləşirsə, dərhal qadağa qoyub qalmaqal yaratmaq düzgün deyil. Əvvəl daha yaxşı alternativ verilməlidir. Sonra həmin məzmun tədricən məhdudlaşdırılmalıdır. Məqsəd uşağı sakitləşdirməkdir, əsəbiləşdirmək yox".

R.Nəcəfov vurğulayıb ki, uşaqda davranışda davamlı mənfi dəyişikliklər görünürsə, qorxu artırsa, yuxu pozulursa, söz və oyunlar sərtləşirsə, məsələni uzatmaq olmaz:

"Valideyn izah edə bilmirsə, mütəxəssisə müraciət edilməlidir. Burada ayıb yoxdur. Ayıb məsələni görüb, görməzdən gəlməkdir. Televiziyalarda və uşaq məzmunu yayımlayan platformalarda mütləq psixoloq rəyi olmalıdır. Psixoloq ştatı olmalıdır. Uşağa yönələn materiallar nəzarətsiz buraxıla bilməz. Uşaq auditoriyası oyuncaq deyil. Ona nə verirsənsə, sabah onun nəticəsini alırsan",- Rövşən Nəcəfov əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Избранный
20
missiya.az

1Источники