RU

Tirana: Balkanların sakit və qürurlu şəhəri FOTOREPORTAJ

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tirana, 24 fevral, foto İlkin Cavanşirov, AZƏRTAC

Balkan yarımadasının sükuta bürünmüş dağları ilə Adriatik dənizi arasında qərar tutan Tirana şəhərini Dayti dağı elə bil qoynuna alıb. Dağlara qalxanda paytaxt küçələri damar, parkları isə yaşıl ürək kimi görünən açılmış xəritəyə bənzəyir. Tirana qədim tarixlə müasir həyatı, Şərq nəfəsi ilə Qərb ritmini birləşdirir.

Tirana bu gün Avropaya inteqrasiya yolunda irəliləyən bir ölkənin siması, imperiyalardan müstəqilliyə, bozluqdan al-əlvan rənglərə keçidin şəhəridir. Digər Balkan ölkələrinin paytaxtlarından fərqli olaraq, şəhər ilk baxışda rəngarəngliyi ilə diqqəti cəlb edir. Ötən əsrin axırlarında kommunist rejiminin süqutundan sonra şəhər yeni nəfəs aldı. Keçmişdə qapalı və sərt görünən binalar indi rəngli fasadlarla boyanıb. Şəhər çoxsaylı rəngləri ilə rəssamın palitrasını xatırladır.

Burada hər küçə bir xatirə, hər bina bir hekayə danışır. Ədhəm bəy məscidi və saat qülləsi paytaxt meydanın gözəlliyini artırır. Köhnə binaların kölgəsində müasir göydələnlər yüksəlir və belə təzad şəhərə xüsusi bir cazibə verir. Şəhər canlı və dinamikdir. Müasir kafelərdə gənclər ingilis və italyan dillərində sərbəst danışır, universitetlərdə yeni ideyalar ətrafında diskussiyalar aparırlar. Albaniya paytaxtı həm ənənəyə bağlı, həm də gələcəyə açıqdır. Sakinlər səhər yürüşünə çıxır, ailələr xoş istirahət saatları keçirir, gənclər isə təbiətin qoynunda söhbət edir, müzakirələr aparırlar.

Qonaqpərvər, səmimi və həyatsevər alban xalqı Tiranaya gələn hər kəsi öz doğması kimi qarşılayır. Onların gülər üzü və açıq ürəyi şəhərin abu-havasını daha da gözəlləşdirir, ona təravət verir. Balkanların sakit, lakin qürurlu şəhəri keçmişi inkar etmədən özünün yeni tarixini yazır.

AZƏRTAC-ın Tiranadan hazırladığı fotoreportajı təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
azertag.az

2Источники