"İvanovo vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" regional ictimai təşkilatının sədri və iş adamı Asif Məmmədov FSB-nin qərarı ilə "milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətinə" görə Rusiya Federasiyası vətəndaşlığından məhrum edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Məmmədov iki Azərbaycan ictimai təşkilatında – "İvanovo şəhəri azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" və "İvanovo vilayəti azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti"ndə rəhbər vəzifələr tutur.
Qeyd edək ki, hələ 2025-ci ilin sentyabrında Məmmədov İvanovo Şəhər Dumasına seçilmək istəyib, namizəd kimi qeydiyyatdan keçib, lakin bu məlumatın yayılmasından sonra şəbəkədə başlayan qalmaqal səbəbindən İvanovo seçki komissiyası onun qeydiyyatını ləğv edib.
Füzuli rayonundan olan Asif Məmmədov, 2020-ci ildə 55 yaşında vəfat edən tanınmış sahibkar və İvanovo vilayətindəki Azərbaycan diasporunun lideri Sərraf Məmmədovun qardaşıdır. Ailənin digər nümayəndəsi Ruslan Məmmədov hazırda İvanovo Dumasının deputatıdır; lakin bu dəfə namizədliyini irəli sürməyib və tezliklə mandatını itirəcək. Rusiya KİV-ləri qeyd edir ki, Asif Məmmədov onun yerini tutmağa hazırlaşırdı, lakin "geniş ictimai rezonansdan" sonra seçkilərdə iştirakdan imtina etmək məcburiyyətində qalıb.
Almaz Həsənli