RU

İKT sektorunda tənzimləmə niyə hələ də formal xarakter daşıyır?

İKT sektorunda tənzimləmə niyə hələ də formal xarakter daşıyır?

Ötən həftə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2025-ci il üzrə fəaliyyət hesabatını açıqlayıb.

AFN.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesabatı şərh edib. Onun sözlərinə görə, sənədlə tanış olduqda aydın görünür ki, tənzimləyici funksiyanı deyil, daha çox statistika yönümlü bir qurumun texniki göstəricilərini əks etdirir. Hesabatda internet sürətləri ölçülüb, abunəçilər sayılıb, uçot işləri aparılıb və reyestrlər yenilənib. Lakin sektorun fundamental problemləri yenə də diqqətdən kənarda qalıb".

Ekspertin sözlərinə görə, cəmiyyəti narahat edən və ictimai əhəmiyyət kəsb edən aşağıdakı aktual mövzularla bağlı İKTA-nın hesabatında heç bir məlumata rast gəlinmir: "Məsələn, internet tariflərində seçim hüququnun olmaması ilə bağlı hesabatda heç nə yoxdur; Mobil operatorların qiymət siyasəti barədə mövqe yoxdur; 5G lisenziyalarının nə vaxt və hansı şərtlərlə veriləcəyi barədə konkretlik yoxdur; Bazarda provayderlərin real dominantlıq problemi və rəqabətin faktiki vəziyyəti barədə analiz yoxdur; Virtual mobil operatorlar məsələsi ümumiyyətlə gündəmə gətirilmir; Dövlətə məxsus GPON infrastrukturundan özəllərin istifadə qaydaları ilə bağlı heç nə yoxdur; Regionlarda internetin əlçatanlığı və qiymət–gəlir balansı barədə heç bir qiymətləndirmə yoxdur (dövlət provayderi regionlarda heç bir güzəşt təqdim etmir); Müştərinin internet xidmətini əldə edə bilməməsilə bağlı kompensasiya mexanizmləri barədə hesabat susur və s".

O.Gündüz qeyid edib ki, tənzimləyici qurum sadəcə statistik rəqəmləri qeydə alan orqan olmamalıdır: "Onun əsas vəzifəsi bazara real təsir göstərmək, sağlam rəqabət mühiti formalaşdırmaq, istehlakçıların maraqlarını qorumaq və qiymət balansını təmin etməkdir. Bu məsələlərin hesabatda yer almaması ya prioritetlərin düzgün müəyyən edilməməsindən, ya da sistemli problemlərdən yayınmaq cəhdindən xəbər verir.

Hesab edirəm ki, İKTA-nın fəaliyyəti ciddi şəkildə gücləndirilməli, səlahiyyətləri artırılmalı və bazarın struktur problemlərinə birbaşa müdaxilə edə biləcək institusional çəkisi formalaşdırılmalıdır. Əks halda, bu tip texniki-statistik hesabatlar sektorda real keyfiyyət dəyişikliyi yaratmayan formal sənəd toplusu olaraq qalacaq".

Избранный
13
afn.az

1Источники