RU

Kəlbəcərdə məscid tikiləcək EKSKLÜZİV

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə və mediada Ramazan ayında Kəlbəcərdə azanın səsləndirilməsi ilə bağlı yayılan görüntülər cəmiyyətin diqqətini yenidən işğaldan azad olunmuş ərazilərdə dini-mənəvi həyatın bərpası məsələsinə yönəldib.

Xüsusilə imsak və iftar saatlarında səsləndirilən azan sədaları qısa zamanda geniş auditoriyaya çataraq maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Bir tərəfdən bu görüntülər qayıdışın və dirçəlişin rəmzi kimi dəyərləndirilib, digər tərəfdən isə Kəlbəcərdə hazırda məscidin olub-olmaması sualını aktuallaşdırıb.

Modern.az mövzu ətrafında yaranan suallara aydınlıq gətirilməsi üçün Kəlbəcər şəhəri Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Mətbuat xidmətinə rəsmi sorğu ünvanlayıb.

Qurumdan verilən cavabda bildirilib ki, Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş Planına əsasən, gələcəkdə şəhərdə məscidin inşası və istifadəyə verilməsi nəzərdə tutulur.

Rəsmi açıqlamada o da vurğulanıb ki, hazırda Kəlbəcər şəhərində fəaliyyət göstərən məscid mövcud deyil. Ramazan ayında azanın səsləndirilməsi isə sakinlərin şəxsi təşəbbüsü əsasında həyata keçirilir. Başqa sözlə, bu təşəbbüs hər hansı rəsmi dini obyekt çərçivəsində deyil, yerli əhalinin mənəvi ehtiyaclarından irəli gələrək təşkil olunur.

Belə görünür ki, bölgədə formalaşmaqda olan yeni sosial mühitdə dini dəyərlər və ənənələr də tədricən bərpa olunur. İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun yenidən qurulması prosesi ilə paralel olaraq, mənəvi həyatın canlanması da müşahidə edilir.

Hazırkı mərhələdə isə sakinlərin təşəbbüsü ilə azanın səsləndirilməsi həmrəyliyin və mənəvi bağlılığın təzahürü kimi qiymətləndirilə bilər. Sosial şəbəkələrdə yayılan görüntülərin geniş rezonans doğurması da cəmiyyətin bu məsələyə həssas yanaşdığını göstərir. Görünən odur ki, Kəlbəcərdə fiziki infrastrukturla yanaşı, mənəvi mühitin formalaşması prosesi də paralel şəkildə davam edir. Bu isə post-münaqişə dövründə bölgənin hərtərəfli dirçəlişinin vacib elementlərindən biri kimi dəyərləndirilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
18
1
modern.az

2Источники