RU

“”Qarabağ” İngiltərədə mesaj verməlidir ki, Bakıdakı oyun təsadüf idi”

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl”a qarşı keçirəcəyi cavab oyunu fevralın 24-də, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

İdman jurnalistli Natiq Muxtarlı Redaktor.az-a açıqlamasında bildirdi ki, "Qarabağ" Bakıdakı oyunda etdiyi səhvlərdən nəticə çıxaracaq:

"Güman edirəm ki, orada bir az fərqli futbol sərgiləyəcəklər. Üstəlik, “Nyukasl” demək olar ki, mərhələnin taleyini həll edib. “Manchester City” ilə ağır oyundan çıxıblar, qarşıda da Premyer Liqada onları ağır oyun gözləyir. Ona görə də bu oyunda onlar o qədər də güc sərf etməyəcəklər.

“Qarabağ” Çempionlar Liqası ilə vidalaşacaq, “Qarabağ”dan vidalaşarkən qapını möhkəm çırpmağı gözləyirəm. “Qarabağ” orada elə bir oyun sərgiləməlidir ki, bununla bir mesaj verməlidir ki, Bakıdakı oyun, məğlubiyyət təsadüfi idi. Premyer Liqa klubları ilə Azərbaycan klublarının, ümumiyyətlə digər klubların arasındakı fərq çox böyükdür, həddindən artıq böyükdür. Biz bunu Türkiyə nəhəngi “Fənərbaxça”nın başına gələnlərdə də gördük. Əgər “Qarabağ” “Nyukasl”a məğlub olmuşdusa, Türkiyənin nəhəngi, büdcəsi 300–400 milyon avro olan “Fenerbahçe” İngiltərə Premyer Liqasında 17-ci yerdə gedən komanda qarşısında aciz duruma düşdü.

Bu səbədən məğlubiyyətə görə “Qarabağ”ı çox da qınamıram, amma bütün hallarda gözləyirəm ki, İngiltərədə fərqli oyun olacaq. Bütün hallarda bu mövsüm bizə yaşatdıqlarına görə, Çempionlar Liqasında Azərbaycan azarkeşlərinə verdikləri o zövqə görə “Qarabağ”a təşəkkür etmək lazımdır. Sözün düzü, Azərbaycan futbolunun gələcəyi ilə bağlı mən o qədər də nikbin deyiləm və yaxın on ildə azı hansısa bir Azərbaycan komandasının, elə “Qarabağ”ın da Çempionlar Liqasının qrupunda ola biləcəyini güman etmirəm. “Qarabağ” bizi yenə yanılda bilər. Ola bilsin ki, Qurban Qurbanov komandanı daha da gücləndirsin, heyəti daha da sabitləşdirsin və növbəti il yenə də ora düşsünlər. Amma bu mənim üçün yenə də möcüzə sayılacaq".

Müsahibimiz vurğuladı ki, Azərbaycan Premyer Liqasında oynayan komandanın Çempionlar Liqasında oynaması sözün həqiqi mənasında möcüzədir:

"Bu reallıqdır. Azarkeş faktları, reallıqları nəzərə almır, azarkeş hisslə danışır. Azərbaycan komandaları oynamağa stadion tapmırlar. Azərbaycan komandaları qeyri-peşəkardırlar. Azərbaycan Premyer Liqasının son turunda “Karvan” komandasının oyunçusu kefi istəyib deyə meydanı tərk edib və oyundan çıxıb. Dünyanın heç bir ölkəsində, hansısa çempionatda mən güman etmirəm ki, belə bir hadisə baş versin. Bu, bizim komandaların nə qədər qeyri-peşəkar olduğunun bariz nümunəsidir.

“Qarabağ"ın peşəkar, qeyri-peşəkar komandalarla, həvəskar komandalarla mübarizədə güclənməsi mümkün deyil. Rəqabət güclü komandaların mübarizəsində yaranır, inkişaf rəqabət olan yerdə olur. Əgər Azərbaycan çempionatında rəqabət yoxdursa, “Qarabağ” “Karvan”la oyunda heç vaxt inkişaf edə bilməz. “Qarabağ” “İmişli” ilə oyunda heç vaxt inkişaf edə bilməz. “Qarabağ” “Şamaxı”dakı stadionda heç vaxt inkişaf edə bilməz. Bu birmənalıdır.

Amma necə olursa, Qurban Qurbanov bunu edir. Bax, möcüzə bundadır, anormallıq bundadır. Ona görə də “Qarabağ”a bu möcüzəyə görə təşəkkür etmək lazımdır".

Aytəkin TOFİQQIZI

Избранный
11
1
redaktor.az

2Источники