RU

Xocalı Soyqırımı –Unutmamaq, Anlamaq və İnsanlıq Borcu

26 fevral  - Yaddaşın sınağı olan tarixdir. Azərbaycan xalqının yaddaşında sadəcə bir tarix deyil — vicdanın, insanlığın və ədalət anlayışının sınağa çəkildiyi bir gündür. Xocalı soyqırımı bir şəhərin məhv edilməsi ilə məhdudlaşmayan, bütöv bir millətin ruhunda dərin iz buraxan faciədir. O gecə yalnız evlər deyil, talelər dağıldı; yalnız insanlar deyil, uşaqlıq xatirələri, arzular və gələcək ümidləri də güllə səsinə qarışdı. Bu hadisə tarix kitablarında qalan bir fakt deyil. Xocalı yaşayan yaddaşdır — hər il yenidən xatırlanan, lakin əslində heç vaxt unudulmayan bir ağrıdır.

 

 Hər il Xocalı soyqırımına həsr olunan  minlərlə anım mərasimləri keçirilir.  Belə mərasimlərdə  görünən və duyulan həqiqətlər bəzən insanı vəcdə gətirir, qürur verir, bəzən ağrıdır, yandırır, bəzən də sarsıdır, utanclıq gətirir. Bu il keçirilən anım tədbirlərində iştirak edərkən müxtəlif duyğular yaşadım. İnsanların bir qisminin səmimi kədər və hörmət hissi ilə orada olması aydın hiss olunurdu. Sükutun içində danışan baxışlar, gözlərdə gizlənən ağrı və səssiz ehtiram həmin faciənin hələ də canlı olduğunu göstərirdi. Lakin eyni məkanlarda başqa mənzərələr də vardı — pafoslu çıxışlar, formal iştirak, kameralar qarşısında nümayiş etdirilən süni emosiyalar və faciəni anlamaqdan çox özünü göstərmək cəhdləri. Bu mənzərə insanı düşündürür: biz Xocalını həqiqətən xatırlayırıqmı, yoxsa sadəcə xatırladığımızı nümayiş etdiririk? Faciəni anmaq yalnız mərasimlərdə iştirak etmək vacib deyil. Xatirə formal davranış deyil; o, daxili məsuliyyət hissidir. Əgər anım yalnız sözlərdən ibarət qalırsa, onda yaddaş öz mahiyyətini itirməyə başlayır.

 Tarixi xatırlamaqdan daha vacib olan

Xocalını unutmamaq yalnız keçmişə baxmaq demək deyil. Əsl məsələ həmin faciədən mənəvi nəticə çıxarmaqdır. Millətə qayğı, insanlara sevgi və cəmiyyət daxilində ədalətli münasibət olmadan heç bir anım günü öz həqiqi mənasını tapa bilməz. Tarix bizə yalnız ağrı yaşatmaq üçün deyil, bizi dəyişdirmək üçün verilir. Əgər faciə bizi daha mərhəmətli, daha həssas və daha məsuliyyətli etmirsə, deməli biz onun dərsini tam anlamamışıq.

 

Nifrət və humanizm arasında tarazlıq

Xocalı soyqırımını törədən  ermənilərə qarşı nifrət hissi təbiidir. Bu, insanın ədalət duyğusundan doğan reaksiyadır. Lakin nifrət gələcək qurmaq üçün yetərli deyil. Nifrət yaddaşı qoruyar, amma cəmiyyəti inkişaf etdirən humanizmdir. Əsl güc qisas hissində deyil, insanlığı qorumaq bacarığındadır. Xocalının dərsi yalnız baş verənləri xatırlamaq deyil, gələcəkdə belə faciələrin təkrarlanmaması üçün ədalət və beynəlxalq humanizm prinsiplərinə sadiq qalmaqdır.

Qurbanların ailələri – yaddaşın canlı daşıyıcıları

Xocalı qurbanlarının nəsilləri,  ailələri və övladları üçün 26 fevral bir gün deyil — ömür boyu davam edən bir ağrılı-acılı xatirədir. Onlar üçün anım mərasimləri rəsmi tədbir deyil, həm də şəxsi həyatlarının açıq yarasıdır. Bu səbəbdən cəmiyyətin əsas borcu yalnız faciəni xatırlamaq deyil, ilk növbədə həmin insanların, ümumən cəmiyyətin həyatına real dəstək göstərməkdir. Humanizm tribunadan deyil, gündəlik davranışdan başlayır. Cəmiyyət üzvlərinə, vətəndaşlara, qaçqın-köçkünlərə, əlillərə, qazilərə, əsgərlərə sosial ədalət, diqqət, qayğı və hörmət — Xocalı qurbanlarının xatirəsinə göstərilə biləcək ən səmimi ehtiram formasıdır.

 

Unutmamaq – davranışa çevrilən yaddaş

Unutmamaq sadəcə xatırlamaq deyil; bu, davranışdır. Əgər biz Xocalını unutmadığımızı deyiriksə, o zaman bir-birimizə qarşı daha ədalətli, daha anlayışlı və daha məsuliyyətli olmalıyıq. Çünki milli yaddaş yalnız tarixlə deyil, bugünkü münasibətlərlə yaşayır. Cəmiyyət öz ağrısını necə yaşadırsa, gələcəyini də elə qurur. Əgər yaddaş mərhəmətlə müşayiət olunursa, gələcək daha insanpərvər olur.

 

Ağrılı tarixi  yaddaşımızdan xoş gələcəyə doğru

Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında silinməz iz olaraq qalacaq. Lakin bu ağrı bizi yalnız keçmişə bağlamamalıdır. O, bizi daha ədalətli cəmiyyət qurmağa, insan həyatının dəyərini daha dərindən anlamağa və humanizmi gündəlik həyatın əsas prinsipinə çevirməyə çağırmalıdır. Şəhidlərin xatirəsinə ən böyük hörmət onların adını sadəcə anmaq deyil - onların arzuladığı kimi daha vicdanlı, daha mərhəmətli və daha ədalətli bir gələcək qurmaqdır.

26 Fevral Xocalı soyqırımını unutmaq mümkün deyil, amma onu düzgün xatırlamaq, ədalətli, məsuliyyətli, humanist, xeyirxah olmaq, vətəni, milləti, xalqı, dövləti sevmək, Azərbaycanın suvernliyinə, texnoloji inkişafına var qüvvə ilə çalışmaq hər birimizin mənəvi məsuliyyəti və vətəndaşlıq borcudur.

                                                          Azərbaycan İnformasiya və Cəmiyyət İctimai Birliyinin

                                                          rəhbəri, professor ƏLÖVSƏT QARACA ƏLİYEV

Избранный
2
1
adalet.az

2Источники