RU

80 yaşlı Lənkəranlı nənə Su çərşənbəsində nə etdiyini göstərdi

ain.az, Medicina saytına istinadən bildirir.

Lənkəranın Boladı kənd sakini 80 yaşlı Xalidə Rzayeva da uşaqlıq illərindən bu günədək Su çərşənbəsinin bütün adət-ənənələrini yaşadanlardandır.

Medicina.az xəbər verir ki, əvvəllər Su çərşənbəsində kəndin qız-gəlinləri dan yeri sökülməmiş axar su başına yollanardılar:

“Səhər tezdən qadınlar, gəlin qızlar bir yerə toplaşar, çayın kənarına enərdik. Bayatılar söyləyər, nəğmələr oxuyardıq. Niyyət edərdik ki, su dərdlərimizi özü ilə aparsın, ilimiz bolluq-bərəkət içində keçsin. Su dirilikdir, bala… Su həm təmizləyər, həm də şəfa verər”.

Lənkəranda xalq inancına görə, axar su gecə ilə səhər arasında daha pak və müqəddəs hesab olunur.

Xalidə nənənin sözlərinə görə, həmin axar sudan xəstələrə də içirərmişlər:

“Deyərdilər ki, axar su dərdi özü ilə aparar. Xəstə adama o sudan verərdik ki, tez sağalsın. Bəzi ailələr gətirilən suyu evdə saxlayardı, ilboyu “niyyət suyu” kimi istifadə edərdi. Həmin su körpələrin üzünə çəkilər, xəstələrin alnına sürtülərdi ki, şəfa tapsınlar”.

Xalidə nənə bu gün də Su çərşənbəsində qədim ənənəsinə sadiq qalır — həyəti təmizləyir, səliqə-sahman yaradır, xalçaları çırpır, torpağı belləyir.

“Dörd çərşənbə var, ilki Su ilə başlayır. Axırıncı çərşənbəyə qədər hər yer təmiz və hazır olmalıdır. İnanca görə, Su çərşənbəsində təmizlənən evə bolluq-bərəkət gələr. Hətta bəzi kəndlərdə həmin gün su arxları təmizlənər, bulaqların gözü açılar. Ancaq təəssüf ki, gənc nəsil bu adət-ənənələri əvvəlki kimi davam etdirmir. Zaman keçdikcə bu qədim mərasimlər unudulmaq təhlükəsi ilə üz-üzə qalır. Qorxuram ki, adət-ənənələrimiz zaman keçdikcə yaddan çıxsın, unudulsun”.

Amma Xalidə nənənin nəvələri onun yolunu davam etdirirlər. Onlar Su çərşənbəsi səhəri axar su üstünə gedir, oradan su gətirir və nənələrindən öyrəndikləri adətləri yaşadırlar. Beləliklə, ailədə nəsildən-nəslə ötürülən bu ənənə bu gün də davam etdirilir.

Medicina.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
4
icma.az

5Источники