RU

Xarici qüvvələr uşaqları “Telegram”da bu yolla ələ keçirir, cinayətə yönəldirlər...



Üzeyir Şəfiyev: “Saxta və real profillərdən belə hallara yol verən, uşaq və yeniyetmələri əyri yollara cəlb edənlər müəyyən edilməlidir”

Sosial şəbəkələr uşaqlar üçün ciddi təhlükəyə çevrilib. Bəzi ölkələrin xüsusi xidmət orqanları, eləcə də terror şəbəkələri başda “Telegram” olmaqla sosial şəbəkələr vasitəsilə uşaqları cinayət əməllərinə cəlb edirlər. Uşaqlar özləri də bilmədən bu cinayətkar qrupların əlində alətə çevrilir. 14, 15, 16 və 17 yaşlı yeniyetmələri öz torlarına salmaq üçün cinayətkar qruplar müxtəlif vasitələrə əl atırlar.

Məsələn, “Telegram” kanallarında fəaliyyət göstərən cinayətkar şəbəkə müxtəlif elanlar verib uşaq və yeniyetmələri yüngül qazanc əldə etməyə yönəldirlər. Onlara əvvəlcə kiçik işlər həvalə edib qarşılığını maddi şəkildə ödəyirlər. Uşaqlar da ödənişə şirnikib onların verdikləri kiçik tapşırıqları icra edirlər. Sifarişə uyğun olaraq nə isə düzəldib təqdim edirlər. Beləliklə, yavaş-yavaş onların toruna düşürlər. Bundan sonra onlara daha böyük işlər “etibar” olunur, artıq sifarişlərin yönü dəyişir, uşaqlar cinayətlərə sövq edilir, cinayət törətməyə yönəlirlər.

Bu gün təkcə “Telegram”da yox, digər sosial şəbəkələrdə də Azərbaycan yeniyetmə və uşaqları üçün belə təhlükə var. Amma bunu daha çox “Telegram” kanallarında edirlər. “Telegram”dan istifadə edə də ölkəmizdə geniş yayılıb və uşaqlar, yeniyetmələr üçün də əlçatandır. Odur ki, bu təhlükə bizim uşaqları da gözləyə bilər. Sosial şəbəkə vasitəsilə uşaqlarımızın da cinayətə cəlb edilməsi halları baş verə bilir.

Məsələn, “Telegram” vasitəsilə Rusiya kəşfiyyat xidmətlərinin ukraynalı uşaqlarıterrorçuya çevirməsi barədə xarici mediada yazılar gedir. Hətta Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə və ya müdafiəsi üçün vacib olan obyektlərə hücum etməkdə şübhəli bilinən yeniyetmələri saxlanılıb.

Ekspertlərin fikrincə, Azərbaycanda uşaqlarımız üçün mövcud təhlükə var və bu məsələ əlaqədar qurumlar tərəfindən ciddi araşdırılmalıdır. Ekspertlərin sözlərinə görə, “Telegram”da, eləcə də başqa sosial şəbəkələrdə uşaq və yeniyetmələri narkokuryerliyə, başqa cinayət əməllərinə cəlb edən qrupların olması istisna deyil, bütün bunlar müəyyən edilməlidir. Xarici qüvvələrin, xarici xüsusi xidmət oqranlarının uşaqlarımızı öz toruna salmağa heç cür imkan vermək olmaz.

Yeri gəlmişkən, “Telegram”ın təhlükəsizlik səviyyəsi son günlər gündəmə gəlib. Bəzi fikirlərə görə, digər populyar mesencerlərlə, məsələn, “WhatsApp”, “İnstagram” və s. ilə müqayisədə platformada məlumatların qorunması mexanizmləri kifayət qədər etibarlı deyil. Bu da var.

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev baki-xeber.com-a bildirdi ki, bu təhlükə var, özü də çox böyükdür. “Belə hadisələr gözləniləndir. Rəqəmsal inkişaf, İKT texnologiyalarının tərəqqisi praqmatik töhfələrlə yanaşı həm də cəmiyyətə, insanlığa, uşaq və yeniyetmələrin həyatına neqativ təsirlərini göstərir və göstərəcək də. Sosial şəbəkə platformalarından qorunma mexanizmi hələ tam formalaşmayıb. Onun üçün də bir sıra ölkələrində süzgənc mexanizmindən istifadə olunur, davranış pozuntularına səbəb olan paylaşımların qarşısı alınır. Bəzi ölkələrdə bəlli yaş qrupuna aid uşaqların sosial şəbəkələrə girişini yasaqlayan qaydalar. Bu bir daha onu göstərir ki, belə tətbiqlərdən əvvəlcə gərək cəmiyyəti bu tətbiqlərin yan təsirlərindən qoruyan mexanizmlər düşünülsün. Bu gün ailədən və məktəbdən də çox uşaq və yeniyetmələrə sosiallaşma baxımından təsir göstərən sosial şəbəkələr, sosial media platformalardır ki, onlar cəmiyyətdə sosial animiyanı körükləyən vasitələrdir. Bu olmasın deyə nəhayət Azərbaycanda da sosial şəbəkə fəaliyyəti iləbağlı ayrıca qanun qəbul olunmalıdır. Hərçənd, Azərbaycanda bir sıra qanunvericiliklərə sosial şəbəkə fəaliyyəti, sosial şəbəkə seqmenti ilə əlaqədar əlavə və dəyişikliklər edilib. Cinayət Məcəlləsinə 148.1 maddə əlavə olunub və sair”.

Ü.Şəfiyev hesab edir ki, bu kifayət deyil və Azərbaycanda sosial şəbəkələrə süzgənc mexanizmi tətbiq olunmur. “Bu baxımdan da sosial şəbəkələrdə zərərli, hüquqa və əxlaqa zidd paylaşımlar hələ də geniş yer alıb. Baxmayaraq ki, hüquq-mühafizə orqanları bununla bağlı iş aparır. Ancaq güman edirəm ki, ayrıca qanun da olmalıdır və istifadəçilər başa düşməlidir ki, sosial şəbəkə üzərindən hüquqa zidd əməllər onun üçün hansı məsuliyyət yaradacaq”.

Ü.Şəfiyev hesab edir ki, uşaq və yeniyetmələrimizin sosial şəbəkələrdə kök salan cinayətkar qrupların toruna düşməməsi üçün ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır. “Sosial maarifləndirmə tədbirlərinin aparılması çox vacibdir. Mütamadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparılmalıdır. Saxta və real profillərdən belə hallara yol verən, uşaq və yeniyetmələri əyri yollara cəlb edənlər müəyyən edilməlidir. Bütövlükdə saxta profillərdən tutmuş real profillərə qədər hər biri yoxlanılmalıdır və belələri məsuliyyətə alınmalıdır”-deyə ekspert bildirdi.

İradə SARIYEVA

Избранный
12
baki-xeber.com

1Источники