RU

Bir xəbər, min qorxu... Peyvəndlərlə bağlı şübhələr haradan başlayır?

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Goranboyda körpənin ölümü ilə bağlı yayılan xəbər cəmiyyətdə dərin narahatlıq yaradıb. Körpənin peyvənddən sonra vəfat etməsi barədə ilkin məlumatlar sosial şəbəkələrdə sürətlə yayılıb, emosional reaksiyalar isə faktlardan daha tez hərəkətə keçib. Ardınca rəsmi qurumların açıqlaması gəldi. Hadisənin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur, araşdırma davam edir. Amma bu sual artıq valideynlərin beyninə düşüb - “Peyvənd təhlükəlidirmi?”

Valideyn üçün ən həssas nöqtə övladının sağlamlığıdır. Ona görə də belə xəbərlər təkcə informasiya deyil, həm də qorxu dalğası yaradır. Xüsusilə yeni nəsil valideynlər informasiya bolluğu içində qalır bir tərəfdə tibbi tövsiyələr, digər tərəfdə sosial mediada yayılan şübhəli iddialar. Nəticədə qərar vermək çətinləşir.

Unutmamalıyıq ki, peyvəndlər onilliklərdir tətbiq olunur və milyonlarla insanın həyatını xilas edib. Göyöskürək, difteriya, tetanus, poliomielit kimi xəstəliklər bir zamanlar minlərlə uşağın ölümünə səbəb olurdu. Bu gün həmin xəstəliklərin geniş yayılmamasının əsas səbəbi məhz kütləvi peyvəndlənmədir. Tibbdə risk sıfır olmur. Lakin statistik olaraq peyvəndlərin yaratdığı ciddi fəsad halları son dərəcə nadirdir və əksər hallarda səbəb-nəticə əlaqəsi detallı araşdırma tələb edir.

Problem ondadır ki, biz çox zaman emosiyanı elmdən üstün tuturuq. Bir faciəvi hadisə baş verəndə, xüsusilə də söhbət körpədən gedirsə, cəmiyyət dərhal nəticə çıxarmağa tələsir. Halbuki məhkəmə-tibbi ekspertiza rəy vermədən, klinik gediş tam araşdırılmadan yekun fikir söyləmək doğru deyil. Tək bir hadisə üzərindən bütün peyvənd proqramını şübhə altına almaq həm tibbi, həm də məntiqi baxımdan düzgün yanaşma deyil.

Digər tərəfdən, səhiyyə qurumlarının da məsuliyyəti böyükdür. Şəffaflıq, vaxtında və aydın məlumatlandırma ictimai etimadı qorumağın əsas şərtidir. İnsanlar suallarına konkret cavab tapmadıqda boşluğu fərziyyələr doldurur. Bu isə qorxunu daha da böyüdür.

“Vurdursaq nəsə olar? Vurdurmasaq daha yaxşıdır?” əsl dilemma budur. Əslində isə peyvənd olunmayan uşaq yoluxucu xəstəliklərə qarşı daha həssas olur və bu xəstəliklərin ağırlaşma ehtimalı peyvəndin mümkün yan təsirlərindən qat-qat yüksəkdir.

Köklü həll yolu qorxu ilə qərar vermək deyil, məlumatla qərar verməkdir. Valideynlər sosial şəbəkə paylaşımlarına deyil, pediatrların, infeksionistlərin, rəsmi səhiyyə qurumlarının tövsiyələrinə əsaslanmalıdır. Hər bir tibbi müdaxilə kimi peyvənd də həkim nəzarətində, müəyyən olunmuş qaydalara uyğun aparılmalıdır.

Faciəvi hadisələr cəmiyyət üçün ağrılıdır və hər bir ölüm ciddi araşdırılmalıdır. Amma fərdi hadisəni ümumi qaydaya çevirmək gələcəkdə daha böyük risklər yarada bilər. Peyvənd məsələsi emosional müzakirə mövzusu deyil, elmi yanaşma tələb edən ictimai sağlamlıq məsələsidir.

Bu gün ən vacib məsələ qorxunu böyütmək yox, etibarlı məlumatı gücləndirməkdir. Çünki qərarsızlıq da bəzən riskin özü qədər təhlükəli ola bilir.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
bizimyol.info

1Источники