Hadisələrin gedişatı fevralın 23-də Rubinyanın "Facebook" paylaşımı ilə başlayıb. Vitse-spikerin iddiasına görə, Saqmosavank monastırının keşişi ter Oşin Ayrapetyan kilsədə kəbin kəsdirməyə hazırlaşan gənc cütlüyə siyasi xarakterli məsləhət verib: "Əsas odur ki, kirvə (sağdış) normal, ləyaqətli insan olsun, "Vətəndaş Müqaviləsi" partiyasının üzvü olmasın."
Bu hadisədən sonra Rubinyan keşişə "ağlını başına toplamağı" məsləhət görüb və iş vaxtı keşişlə "hesablaşmaq" üçün monastıra yollanıb. O, keşişə rəy bildirdiyinə görə irad tutmadığını, sadəcə heç bir din xadiminin dindarları partiya mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoymağa haqqı olmadığını vurğulayıb. Eyni zamanda, hökumətin kilsə işlərinə qarışmadığını iddia edib.
NEWS.am saytına açıqlamasında keşiş hakim partiya nümayəndəsinin iddialarını təkzib edib. O, hakimiyyətə qarşı mənfi münasibətini gizlətməsə də, Rubinyanın qeyd etdiyi ifadələri işlətmədiyini bildirib.