Bakı, 24 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının identifikasiyası problemləri və onların həlli yolları istiqamətində tədqiqatlar aparılır.
Bu barədə AZƏRTAC-a açıqlamasında İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova deyib. O bildirib ki, institutun alimləri tərəfindən hazırlanmış “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” elmi əsəri Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müvafiq şəhadətnamə verilib.
Alim institutda terminoloji informatika, mətnlərin intellektual analizi, avtomatik referatlaşdırma və plagiatlığın aşkarlanması, nitq texnologiyaları və səsə görə biometrik identifikasiya, eləcə də milli domen adlarının intellektual monitorinqi istiqamətlərində tədqiqatlar aparıldığını, mühüm elmi nailiyyətlər əldə olunduğunu vurğulayıb. O, institutda milli terminoloji informasiya sisteminin formalaşması problemləri, dil biliklərinin İKT-nin tətbiqi ilə qiymətləndirilməsi, elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi və digər istiqamətlərdə aparılan tədqiqatların Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemlərinin ararşdırılmasına, eləcə də bütövlükdə ana dilinin qorunması və inkişafına mühüm töhfə olduğunu qeyd edib.
Ə.Qurbanova müvafiq sahədə perspektiv vəzifələrdən bəhs edərək, rəqəmsal dövlət mühitində Azərbaycan dili ekosisteminin arxitektur-texnoloji əsaslarının işlənməsi, fərdi dil korpuslarının formalaşdırılması, transliterasiya sistemlərinin intellektuallaşdırılması, dezinformasiyanın kibersuverenliyə təsirinin qiymətləndirilməsi, mətnlərdə kibertəhlükələrin aşkarlanması üçün metod və alqoritmlərin işlənilməsinin qarşıda duran əsas tədqiqat istiqamətlərindən olduğunu söyləyib.