RU

Ayrı ayrı şəxslərin və ya qurumların qərəzli təşəbbüsləri Azərbaycan Böyük Britaniya münasibətlərinin ruhuna uyğun deyil ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 24 fevral, AZƏRTAC

Bildiyimiz kimi, bir qrup qeyri-hökumət təşkilatı rəhbəri tərəfindən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının spikerinə, Lordlar Palatasının spikerinə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidentinə və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinə açıq müraciət ünvanlanıb. Müraciətin əsas məqsədi Beynəlxalq Vəkillər Assosiasiyasının, habelə Böyük Britaniya Parlamentinin bəzi üzvlərinin beynəlxalq hüququ ciddi şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsiz yanaşmasına etiraz etməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin İdarə Heyətinin sədri, hüquq elmləri doktoru, professor Əmir Əliyev söyləyib.

Onun sözlərinə görə, müraciətdəki yanaşmalar, ilk növbədə, beynəlxalq hüququn mühüm əhəmiyyətə malik dövlətlərin suveren bərabərliyi və daxili işlərinə qarışmamaq prinsiplərinin pozulmasına qarşı etirazdır.

“Xüsusilə qeyd edilməlidir ki, Böyük Britaniya parlamentinin bir sıra üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun rəhbərliyinin keçirdiyi “sorğu”da və bəzi açıqlamalarda “Dağlıq Qarabağ” ifadəsindən istifadə olunub. Halbuki belə bir inzibati-ərazi vahidi mövcud deyildir. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq tanınır. Bu terminologiyanın işlədilməsi özü prosesə əvvəlcədən qərəzli münasibətin göstəricisidir.

Digər iddia isə guya “erməni mədəni irsinin məhv edilməsi” ilə bağlıdır. Sözügedən irs Azərbaycan xalqına, burada yaşayan millətlərə məxsusdur. Ona görə, bu cür yanaşmalar reallığı tamamilə əks etdirmir və Azərbaycan dövlətinə qarşı əsassız ittiham xarakteri daşıyır. Bu istiqamətlərdə sorğu keçirilməsi və hesabat hazırlanması qərəzli olmaqla yanaşı, beynəlxalq ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa yönəlib. Azərbaycan mədəni irsin qorunmasında özünün bütün beynəlxalq öhdəliklərinə həmişə sadiq olub və hazırda da bu fəaliyyət beynəlxalq müstəvidə davam etdirilir.

Bütövlükdə isə sorğunun keçirilmə qaydası, qoyulan suallar da birbaşa qərəzli və istiqamətləndirici xarakter kəsb edir. Hesab edirəm ki, qeyd olunanlar bilavasitə separatizmi dəstəkləməyə xidmət edir. Sorğu çərçivəsində Britaniya parlamentində fevralın 25-də keçirilməsi nəzərdə tutulan ilk dinləmədə Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun dəvəti əsasında “Center for Justice and Truth” adlı QHT-nin müvafiq hesabat təqdim etməsi gözlənilir. Həmin təşkilatın internet səhifəsində yerləşdirilən hesabatda regionun tarixi geniş şəkildə təhrif olunub, separatizm prizmasından təqdim edilib, Qarabağın Azərbaycan ərazisi olması faktı sual altına alınıb ki, bu da əvvəlcədən onların məqsədinin separatizmə və sülh prosesinə mane olmasını təsdiqləyir”, - deyə hüquqşünas vurğulayıb.

Ə.Əliyev qeyd edib ki, bu təşəbbüsü irəli sürənlər uzun müddət Ermənistan ilə Azərbaycan arasında münaqişəni alovlandırmağa çalışan erməni diaspor qüvvələri ilə sıx əməkdaşlıq edən bir qrup parlament üzvləridir. Eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu özünün təsis sənədi ilə qarşısına qoyulan vəzifələri yerinə yetirmək üçün çalışmaqdansa, tamamilə başqa işlərlə, yəni dövlətlərarası münasibətləri gərginləşdirən, o cümlədən beynəlxalq hüquqa zidd bir fəaliyyətlə məşğul olub. Bu isə beynəlxalq təşkilatların apardığı beynəlxalq münasibətlərin tənzimlənməsinə töhfə kimi bir siyasətə qarşı çıxırmaqdır.

“Bildiyimiz kimi, hazırda ölkə liderlərinin rəhbərliyi ilə Ermənistan və Azərbaycan arasında sülh prosesi yekun mərhələyə yaxınlaşır. ABŞ-də paraflanan sülh sazişinin imzalanması üçün tərəflər arasında danışıqlar davam etdirilir, müxtəlif platformalarda görüşlər keçirilir, iqtisadi və ictimai əməkdaşlıq istiqamətində addımlar atılır. Qeyri-hökumət təşkilatları da bu prosesdə fəal iştirak edir və cəmiyyətlərin sülhə hazırlanması istiqamətində iş aparırlar. Belə bir həssas mərhələdə Böyük Britaniya Parlamentinin bəzi üzvlərinin və Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutunun öz əsas fəaliyyət istiqamətindən kənara çıxaraq siyasi xarakterli, təhrif olunmuş hesabatlar təqdim etməsi təəssüf doğurur. Hesab edirik ki, bu cür addımlar sülh prosesinə xələl gətirə və regionda etimad mühitinə mənfi təsir göstərə bilər.

Həmçinin qeyd etmək lazımdır ki, Böyük Britaniya Azərbaycanla dost və tərəfdaş ölkədir. Bu münasibətlər dövlət və hökumət başçıları səviyyəsində dəfələrlə təsdiqlənib. Böyük Britaniya müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bu baxımdan ayrı-ayrı şəxslərin və ya qurumların qərəzli təşəbbüsləri iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun deyil. Biz qeyri-hökumət təşkilatları olaraq bu prosesin dayandırılmasını, qərəzli hesabat və sorğulara yenidən baxılmasını, eləcə də bu təşəbbüsləri irəli sürən şəxslərin məsuliyyət məsələsinin araşdırılmasını tələb edirik. Nəhayət, Böyük Britaniya hökumətinin və aidiyyəti qurumların bu məsələdən xəbərdar edilərək müvafiq addımlar atacağına ümid edirik”, - deyə professor əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
3
1
azertag.az

2Источники