Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Azərbaycanda qeysəriyyə yolu ilə həyata keçirilən doğuşların faizi ötən illərlə müqayisədə azalıb. Rəsmi statistikaya görə, bu istiqamətdə enmə tendensiyası müşahidə olunur. TƏBİB sözügedən azalmanı səhiyyə sistemində aparılan islahatların və tibbi yanaşmanın təkmilləşdirilməsinin nəticəsi kimi təqdim edir. Bununla belə, qeysəriyyə əməliyyatlarının azalmasının səbəbləri və davamlı olub-olmayacağı da müzakirə mövzusudur.Məsələ ilə bağlı tanınmış həkim Rəşad Sultan Demokrat.az-a bildirib ki, hesab edirik ki, təbii doğuş daha məqsədəuyğundur:"Əgər doğuş daha faydalıdırsa, o zaman qeysəriyyə hallarının azalması müsbət nəticə kimi qiymətləndirilməlidir. Məhz buna görə qeysəriyyə faizinin azalması uğur sayılır. Məsələni konkretləşdirsək, söhbət fərdi təcrübədən deyil, ümumi statistik göstəricilərdən gedir. Müasir tibbi elm sübuta və statistik təhlillərə əsaslanır. Statistik məlumatlar göstərir ki, təbii doğuşun riskləri qeysəriyyə əməliyyatının risklərindən daha azdır. Ayrı-ayrı hallarda kimsə doğuş zamanı çətinlik yaşayıb qeysəriyyəni daha rahat hesab edə bilər. Lakin tibbi yanaşma fərdi müşahidələrə deyil, uzunmüddətli elmi araşdırmalara və onların statistik nəticələrinə əsaslanır. Sübuta əsaslanan tibbin prinsipi də budur".Həkim bildirib ki, bu əsasla qərar verilir ki, xəstə üçün hansı üsul daha faydalıdır:"Mövcud elmi yanaşmaya görə, göstəriş olmadığı hallarda təbii doğuş ana və uşaq üçün daha faydalıdır. Qeysəriyyə isə cərrahi əməliyyatdır və yalnız tibbi göstəriş olduqda aparılmalıdır. Səbəb yoxdursa, qeysəriyyəyə üstünlük verilməsi düzgün deyil. Bu səbəbdən qeysəriyyələrin faizinin azaldılması istiqamətində iş aparılır və əldə olunan nəticə uğur kimi qiymətləndirilir. Eyni zamanda qeyd edilməlidir ki, həyata keçirilən qeysəriyyələrin bir hissəsi nisbi göstərişlərlə bağlıdır. Nisbi göstəriş o deməkdir ki, müəyyən hallarda əməliyyat etmək də olar, etməmək də".O deyib ki, inkişaf etmiş ölkələrin təcrübəsində nisbi göstəriş hallarında qərar daha çox doğuşun lehinə verilir. "Məqsəd əsassız qeysəriyyələrin qarşısını almaqdır. Həkimin və ya pasiyentin istəyi tibbi göstəriş olmadan əməliyyat üçün əsas olmamalıdır. Birinci məqsəd göstərişsiz qeysəriyyələri aradan qaldırmaqdır. İkinci məqsəd isə nisbi göstəriş hallarında ana və uşağın sağlamlığını riskə atmadan doğuşa üstünlük verməkdir. Məsələn, "sağrı" (tərs və ya ayaq gəlişi) gəlişi olan dölün təbii yolla doğulması mümkündür. Bəzi hallarda nisbi göstərişlərdən sui-istifadə edilir. Preeklampsiyası və yüksək təzyiqi olan qadınlarda da vəziyyət fərdi qiymətləndirilməlidir. Preeklampsiya hər zaman doğuş üsulunun dəyişdirilməsi üçün mütləq əsas sayılmır. Bu hallar tibbi ədəbiyyatda və Səhiyyə Nazirliyinin protokollarında qeysəriyyə üçün nisbi göstəriş kimi göstərilsə də, düzgün yanaşma ilə doğuşun lehinə qərar vermək mümkündür. İnkişaf etmiş ölkələr də məhz bu yanaşma ilə təbii doğuşun payını artırmağa və qeysəriyyə hallarını azaltmağa nail olurlar".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.