RU

Əli Xameneinin iqamətgahına hücum edildi: 250 nəfər…

Fevralın 23-də İran Xalq Mücahidləri Təşkilatının 250 üzvünün Tehranda İranın ali rəhbəri Əli Xameneinin iqamətgahına hücum etdiyi barədə iddia yayılıb. Məlumatı təşkilatın özü açıqlayıb.

Bildirilib ki, bir neçə saat davam edən qarşıdurma zamanı təşkilatın 100 üzvü həlak olub.

Hücumun məqsədi barədə açıqlama verilməyib. İran hökuməti və rəsmi media isə hadisə ilə bağlı hər hansı məlumat yaymayıb.

Qeyd edək ki, ali rəhbərin iqamətgahı Tehranın ən yüksək təhlükəsizlik rejiminə malik zonalarından birində yerləşir. Həmin əraziyə Prezident Administrasiyası və digər mühüm dövlət qurumları da daxildir. Bölgə çoxqatlı təhlükəsizlik halqaları ilə qorunur və giriş-çıxış ciddi nəzarət altındadır.

Məlumatlara görə, ötən gün həmin ərazidə yerləşən bəzi məktəblərdə tətil elan edildiyi bildirilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, İran Xalq Mücahidləri Təşkilatı 1965-ci ildə yaradılmış İran müxalif siyasi-hərbi təşkilatıdır:

“Təşkilatın əsas məqsədi əvvəlcə şah rejiminə qarşı mübarizə aparmaq, daha sonra isə İran İslam Respublikasını devirmək olub. Qrup 1979-cu il İran inqilabında iştirak etsə də, inqilabdan sonra yeni hakimiyyət – Ayətullah Xomeyni rəhbərliyi ilə ciddi qarşıdurmaya girdi. 1980-ci illərin əvvəllərindən etibarən təşkilat İran hakimiyyətinə qarşı silahlı fəaliyyətə başladı. Bu səbəbdən İran dövləti tərəfindən terror təşkilatı kimi tanındı.

İran–İraq müharibəsi dövründə təşkilatın İraqın sabiq lideri Səddam Hüseynlə əməkdaşlıq etməsi onun İran daxilində legitimliyini daha da zəiflətdi. Uzun illər təşkilatın əsas bazaları İraqda yerləşirdi.

Qərb ölkələri də bir müddət bu qurumu terror təşkilatı siyahısına salmışdı. Lakin sonradan ABŞ və Avropa İttifaqı onu siyahıdan çıxardı. Hazırda təşkilat əsasən Avropada fəaliyyət göstərir və İran rejiminə qarşı siyasi kampaniyalar aparır.

Təşkilatın ideologiyası başlanğıcda islam və sol düşüncənin sintezi kimi təqdim olunurdu. Zamanla daha çox anti-İran rejimi mövqeyi ilə tanınmağa başladı”.

Politoloq deyib ki, bu iddia bir neçə səbəbə görə son dərəcə şübhəli və ciddi şəkildə yoxlanılmalı xarakter daşıyır:

“Söhbət Tehranın ən yüksək təhlükəsizlik rejiminə malik ərazisindən İran ali rəhbəri Əli Xameneinin iqamətgahının yerləşdiyi zonadan gedir. Həmin ərazi təkcə dini liderin iqamətgahı deyil, eyni zamanda prezident administrasiyası və digər mühüm dövlət qurumlarının yerləşdiyi, çoxqatlı təhlükəsizlik halqaları ilə qorunan məkandır. Belə bir zonaya 250 nəfərlik silahlı qrupun daxil olması və saatlarla davam edən qarşıdurma yaşanması iddiası, əgər doğrudursa, İran təhlükəsizlik sisteminin tam iflası demək olardı. Bu isə indiki şərtlərdə real görünmür.

İran Xalq Mücahidləri Təşkilatının özü uzun illərdir ki, İran hakimiyyətinə qarşı radikal müxalif mövqedədir və informasiya müharibəsi aparır. Təşkilatın keçmişinə baxdıqda, həm silahlı fəaliyyət, həm də psixoloji təsir əməliyyatları taktikasından istifadə etdiyi məlumdur. Bu baxımdan belə bir iddianın səsləndirilməsi birbaşa hərbi uğurdan çox, siyasi və psixoloji effekt yaratmaq məqsədi daşıya bilər. Xüsusilə də “100 üzvün həlak olması” kimi konkret rəqəmin göstərilməsi xəbəri dramatikləşdirir, lakin müstəqil təsdiq mexanizmi olmadığı üçün onun doğruluğunu qiymətləndirmək mümkün deyil”.

Atilla Rzasoy

Избранный
16
nocomment.az

1Источники