
Avstraliya Baş naziri Entoni Albaneze təhlükəsizlik təhdidi səbəbindən paytaxt Kanberradakı rəsmi iqamətgahı "The Lodge"dan təxliyə edilib.
Avstraliya mərkəzli "SBS News"un xəbərinə görə, Avstraliya polisi yerli vaxtla saat 18.00 radələrində Albanezenin rəsmi iqamətgahında genişmiqyaslı axtarışa başlayıb. Baş nazir təhlükəsizlik səbəbindən başqa bir yerə köçürülsə də, aparılan araşdırmalar zamanı ictimai təhlükəsizliyi təhdid edəcək hər hansı bir ünsürlə qarşılaşılmayıb.
Axtarışda real təhdidin olmadığı müəyyənləşdikdən sonra Entoni Albanezenin yenidən "The Lodge" iqamətgahına geri döndüyü qeyd edilib.
"ABC News"un məlumatına əsasən, ölkədə aborigen mənşəli senator Lidiya Torp, ilk hicablı senator Fatimə Payman və digər bəzi siyasətçilər uzun müddətdir təhdid məktublarına məruz qalırlar.
Avstraliya Federal Polisi xəbərdarlıq edib ki, 2024-cü ildə siyasətçilərin təhlükəsizliyinə yönəlmiş təhdidlərin sayı əvvəlki iki illik dövrlə müqayisədə iki dəfə artıb. Hazırda rəsmi qurumlar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzərində çalışır.